Rumıniya ilə Azərbaycan sosial müdafiə sahəsində əməkdaşlığı gücləndirir

Rumıniyanın əmək və sosial müdafiə naziri Simona Bukura-Opresku Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanov ilə görüşərək ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirələr aparıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın Sosial Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, görüşdə sosial təhlükəsizlik sahəsində razılaşma imzalanacağı, əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Fəaliyyət Planının yenilənəcəyi bildirilib. Qeyd olunub ki, iki ölkə arasında dialoq və birgə fəaliyyət davam edir. Gələcəkdə əmək bazarında əməkdaşlığı daha da gücləndirəcək konkret tədbirlər planı hazırlanacaq. Razılaşma pensiyaların qarşılıqlı tanınmasını və sosial təhlükəsizlik hüquqlarının qorunmasını məqsəd qoyan ikitərəfli koordinasiyanı əhatə edəcək. Eyni zamanda, Fəaliyyət Planı çərçivəsində gənclərin işə qəbulu imkanlarının artırılması, peşə təhsili proqramları və təcrübə qazanılması üzrə praktika mübadiləsi həyata keçiriləcək. Bildirilib ki, bu addımlar Rumıniya ilə Azərbaycan arasında sosial müdafiə sahəsində əməkdaşlığın daha da inkişafına yönəlib.