Prezident İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi haqqında fərman imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi haqqında fərman imzalayıb.

Trend xəbər verir ki, fərmana əsasən, “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi haqqında Əsasnamə” təsdiq edilib.

“Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi embleminin təsviri” təsdiq edilib.

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (bundan sonra ─ Agentlik) rəsmi emblemi Agentliyin rəmzidir. Rəsmi emblem Agentliyin hər bir əməkdaşına Agentliyin fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə öz vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırladır.

Agentliyin rəsmi emblemi Agentlik əməkdaşlarının, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Agentliyə mənsubiyyətini bildirən nişandır.

Agentliyin rəsmi emblemi Agentliyin hərbi qulluqçularının geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir. Agentliyin rəsmi emblemi onun blanklarında, inzibati binalarının adı göstərilən lövhələrində yerləşdirilə bilər.