Azərbaycan-Gürcüstan əməkdaşlığı ⁠Cənubi Qafqazın geosiyasi və geoiqtisadi mənasını təşkil edir – RƏY

Azərbaycan ilə Gürcüstanın əməkdaşlığı ⁠Cənubi Qafqazın geosiyasi və geoiqtisadi mənasını təşkil edir. Regionda bütün əsas enerji, nəqliyyat və logistika layihələri məhz ölkələrimizin əməkdaşlığı nəticəsində formalaşıb.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov söyləyib.

O qeyd edib ki, bu gün dünyada, o cümlədən Cənubi Qafqazda çox mürəkkəb geosiyasi vəziyyət yaranıb. Belə bir vəziyyətdə hər iki ölkənin birgə baxışının formalaşdırılması, həmçinin qarşılıqlı gözləntilərin təhlili də çox vacibdir.

“Azərbaycan-Gürcüstan münasibətləri keçmişdən bu günə və gələcəyə baxışa köklənib. Çünki bu əməkdaşlıq çox möhkəm təmələ əsaslanır. Ulu Öndər Heydər Əliyev və sabiq Prezident Eduard Şevardnadzenin birgə səyləri ilə əsası qoyulmuş layihələr bizim münasibətlərimizi daha möhkəmləndirib. Azərbaycan Prezidentinin və Gürcüstan rəsmilərinin birgə səyləri nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu, bizi daha böyük işlər görməyə sövq edir. Lakin nəzərə almalıyıq ki, bizim dostluğumuzu, birgə inkişafımızı istəməyən qüvvələr də var. Xarici qüvvələrin bu regionda fəallaşması tarazlığı poza bilər. Azərbaycan-Gürcüstan münasibətlərinin yeni çağırışlara necə sinə gərməsi və bu çağırışlara birgə cavabın formalaşdırılması bizim üçün çox vacibdir”, – deyə F.Məmmədov vurğulayıb.