İDMAN:  Dohada FIG-in seçki konqresi: rekord sayda nümayəndə, yeni federasiyalar, 4 illik plan

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) oktyabrın 24-26-da Dohada keçiriləcək 85-ci Konqresinin gündəliyi müəyyənləşib. Əsas məqam Avropa Gimnastikasının (EG) rəhbəri Fərid Qayıbovun da namizədliyini irəli sürdüyü prezident seçkisinin keçiriləcəyidir ki, orada onun rəqibi FIG-in hazırkı rəhbəri Morinari Vatanabe olacaq.

İdman.biz xəbər verir ki, konqresə rekord sayda nümayəndə toplanacaq: 159 federasiyadan 150-dən çoxunun nümayəndələri də daxil olmaqla 500-dən çox iştirakçı qatılacaq.

Oktyabrın 25-də nümayəndələr FIG-in bütün idarəetmə orqanlarının tərkibinin yenilənməsi - prezident, üç vitse-prezident, İcraiyyə Komitəsinin yeddi seçilmiş üzvü və Şuranın 21 üzvü (kontinental nümayəndəlik üçün kvota ilə) vəzifələri üçün səs verəcəklər. Eyni zamanda onlar "Gimnastika hamı üçün" Komitəsinin prezidentini və altı üzvünü, həmçinin FIG-in bütün yeddi növü üzrə texniki komitələrin bir prezidenti və altı üzvünü seçəcəklər. Parkur ilk dəfə yeni texniki komitə ilə təmsil olunacaq. Həmçinin iki auditor da seçiləcək.

Bütün seçilmiş şəxslər 2025-ci il yanvarın 1-dən dörd il müddətinə fəaliyyətə başlayacaqlar.

Konqres zamanı FIG beş yeni milli federasiyanı öz sıralarına qəbul edəcək: Antiqua və Barbuda, Kot-d'İvuar, Qvineya, Keniya və Zambiya. Təsdiqdən sonra FIG-ə daxil olan federasiyaların ümumi sayı 164-ə yüksələcək.

2025-2028-ci illər üçün dördillik planın təsdiqi də konqresin əsas vəzifələrindən biridir. Bu büdcənin təsdiqi təşkilata fəaliyyət göstərməyə və məqsədlərinə çatmağa, o cümlədən yeddi növün hər biri üzrə dünya çempionatlarını keçirməyə, eləcə də "Gimnastika hamı üçün" yarışları, digər beynəlxalq tədbir və yarışları təşkil etməyə, federasiyanın təhsil və inkişafa dəstək qlobal proqramlarının reallaşdırılmasına imkan verəcək.

Bundan əlavə, konqresdə müstəqil Gimnastika Etikası Fondu, FIG Həmrəylik Fondunun hesabatları və yeni NF-Insights layihəsinin nəticələri dinləniləcək.
Əsasnamələrə təklif edilən dəyişikliklərə paragimnastikanın yeni yarış növü kimi FIG-ə əlavə edilməsi də daxildir.

Qeyd edək ki, Fərid Qayıbov üçün bu, beynəlxalq federasiyanın rəhbəri vəzifəsinə ikinci seçkidir. Üç il əvvəl Antalyada keçirilən seçkilərdə o, 47 səs toplayıb.
Noha Abu Şabananın (Misir) rəhbərlik etdiyi Bədii Gimnastika üzrə Texniki Komitədə isə milli federasiyanın idman direktoru Natalya Bulanova ikinci müddətə namizədliyini irəli sürüb. Altı yer uğrunda 11 namizəd mübarizə aparacaq.