BMT İDÇK İcra katibi: Bakıda keçiriləcək COP29 fəaliyyət konfransı olmalıdır

“Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ölkələr inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına həqiqətən cavab verən beynəlxalq iqlim maliyyəsi üçün yeni hədəf barədə razılığa gəlməlidirlər. COP29 iqlim maliyyəsinin qlobal iqtisadiyyatı, milyardlarla insanın həyatını və dolanışıq vəsaitlərini iqlim dəyişmələrinin kədərləndirici nəticələrindən xilas etmək üçün əsas olduğunu qəbul edən fəaliyyət konfransı olmalıdır”.

AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (BMT İDÇK) icraçı katibi Saymon Stil Brukinq İnstitutunun Qlobal İqtisadiyyat və İnkişaf Proqramının onlayn tədbirində çıxışı zamanı bildirib.

“Bu yeni hədəfin necə görünəcəyini təxmin etmək mənim vəzifələrimə aid deyil. Amma aydındır ki, dövlətin maliyyələşdirilməsi onun əsas elementinə çevrilməlidir. Bu vəsaitlərin mümkün qədər çox hissəsi pulsuz və ya güzəştli əsaslarla verilməli və bu, daha çox ehtiyacı olanlar üçün əlçatan olmalıdır”, - deyə o qeyd edib.

İcraçı katib qeyd edib ki, mümkün olduqca daha çox özəl vəsait cəlb edərək və maliyyə bazarlarına yaşıl investisiyaların sərfəli olması barədə siqnallar göndərərək, iqlim maliyyələşdirilməsinin effektivliyini təmin etmək çox vacibdir.

“Kimin və nə qədər pul ödəyəcəyi ilə bağlı əsas məsələ Bakıda həll oluna bilər, lakin biz ora Paris sazişinə yenidən baxmaq üçün getmirik”, - deyə Saymon Stil vurğulayıb.