Elmir Vəlizadə: Azərbaycanın milli maraqları üçün ideoloji təhlükəsizlik daim diqqət mərkəzində olmalıdır

Hazırda informasiya əsrində yaşayırıq və bu dövrdə məlumatlara asanlıqla çıxış əldə etmək mümkündür. Yeni texnologiyalar informasiya bolluğu yaratmaqla yanaşı, məlumatların əldə edilməsini də sadələşdirib. Lakin müasir dövrün əsas problemlərindən biri yayılan məlumatların doğruluğunu və etibarlılığını müəyyən etməkdir. Çünki məlumatların yayılması bəzən müxtəlif maraqlar və qüvvələr tərəfindən məqsədyönlü şəkildə həyata keçirilə bilər. Bu səbəbdən məlumatların təhlili və mənbələrinin etibarlılığının yoxlanması mühüm əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə oktyabrın 11-də keçirilən “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfransda çıxışı zamanı söyləyib.

Müstəqillik dövründə, xüsusilə də Vətən müharibəsi zamanı ölkəmizə qarşı güclü təxribatların həyata keçirildiyini xatırladan E.Vəlizadə qeyd edib: “Erməni və digər xarici qüvvələrin ölkəmizə qarşı yönəltdiyi məqsədli təxribatlar və dezinformasiyalar davam edir. Azərbaycanın milli maraqları üçün ideoloji təhlükəsizlik daim diqqət mərkəzində olmalıdır. Prezident İlham Əliyev ölkəmizin inkişafı üçün vəzifələri və strateji istiqamətləri Milli Məclisin iclaslarında dəfələrlə vurğulayıb. Dövlətimizin başçısı, həmçinin ideoloji təxribatların qarşısını almaq üçün jurnalistlərin mühüm rolunu qeyd edib. Bizə qarşı yönələn təxribatlar xalqımızın güclü iradəsi ilə qarşılanır və onların nəticəsi heç vaxt istənilən effekti vermir. Ancaq buna baxmayaraq, biz hər zaman bu təxribatlara hazır olmalıyıq”.