Səfir: Ukrayna üçün COP29 xüsusi əhəmiyyət kəsb edir

Bakıda keçirilən COP29 karbon bazarları sahəsində innovativ həllərin qəbulu və özəl biznesi iqlim fəaliyyətinə cəlb etmək üçün mühüm fürsətdir.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev “Ukraynanın iqlim diplomatiyası: Bakıda COP29-da prioritetlər” adlı məqaləsində yazıb.

“Qlobal iqlim dəyişikliyi şəraitində ekoloji təhlükəsizlik və davamlı inkişaf məsələləri getdikcə aktuallaşır. COP29 birgə həllər yolunda mühüm mərhələdir. Ukrayna üçün bu sammit xüsusi əhəmiyyət kəsb edir, çünki biz prezident Volodimir Zelenskinin Sülh Formulasının mühüm komponentləri olan ekoloji və enerji təhlükəsizliyi prinsiplərini fəal şəkildə müdafiə etməyə davam edirik”, - diplomat qeyd edib.

O, COP29-da Ukraynanın prioritetləri arasında yeni iqlim maliyyə mexanizmlərini (NCQG), beynəlxalq karbon bazarları və Paris Sazişinin 6-cı maddəsini, enerji təhlükəsizliyinin və davamlılığının gücləndirilməsini qeyd edib.

Y.Qusev vurğulayıb ki, Ukrayna beynəlxalq karbon bazarlarını tənzimləyən Paris Sazişinin 6-cı maddəsinin tam yerinə yetirilməsinə can atır.

“Bakıda keçirilən COP29 karbon bazarları sahəsində innovativ həllərin qəbulu və özəl biznesi iqlim fəaliyyətinə cəlb etmək üçün mühüm fürsətdir. Ukrayna enerji təhlükəsizliyi üzrə dialoqa çağırır ki, bu da iqlim neytrallığına doğru effektiv irəliləyiş əldə etməyə imkan verəcək”, - diplomat bildirib.

O deyib ki, bu həftə Ukrayna Ali Radası 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq üçün qətnamə qəbul edib.

“Ölkənin bərpası üçün əlverişli şəraitin yaradılması qlobal iqlim neytrallığına töhfə verəcək. Ukrayna müharibənin ekosid, infrastrukturun məhv edilməsi, su və torpağın çirklənməsi kimi ekoloji nəticələrinə diqqəti cəlb etməyə çalışır”, - səfir qeyd edib.

Y.Qusev vurğulayıb ki, Ukrayna Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir. Bu qarşılıqlı fəaliyyət ölkənin infrastrukturunun bərpası və regionda sabitliyin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

“Biz Azərbaycana bu çətin anlarda Ukraynaya daimi dəstəyinə, xüsusən humanitar yardıma, İrpen şəhərinin yenidən qurulmasında iştirakına, ekoloji və enerji təhlükəsizliyi proseslərinə töhfə verməyə hazır olduğuna görə xüsusi minnətdarıq. Bu tərəfdaşlıq regionumuzda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm amildir. Bakıda keçiriləcək COP29 ekoloji və təhlükəsiz planetə gedən yolda mühüm mərhələ olacaq. Ukrayna üçün bu, ədalətli və davamlı sülh üçün balanslaşdırılmış həll yolları üzərində razılaşmaq imkanıdır”, - diplomat bildirib.