Azərbaycanda COP29-un keçirilməsinə beynəlxalq maraq ən yüksək səviyyədədir. Azərbaycan elə təşəbbüsləri irəli sürür ki, dünyanın bütün ölkələri bu məsələləri müzakirə etmək istəyir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov səsləndirib.
Komitə sədri bildirib ki, bəzi Qərb dairələrinin bu mötəbər tədbir öncəsi Azərbaycana siyasi təzyiqləri artırmasının arxasında da məhz beynəlxalq ictimaiyyətin tədbirə belə böyük diqqəti dayanır.
“Dünya iqlim problemlərini Azərbaycanda ən yüksək səviyyədə müzakirə etmək niyyətindədir ki, bəzi Qərb dairələri də bu maraqdan sui-istifadə edirlər. Beynəlxalq ictimaiyyət ən vacib məsələlərini, iqlimlə, ekologiya, bəşəriyyətin gələcəyi ilə bağlı məsələləri məhz Azərbaycanda müzakirə etmək niyyətindədir. Kimsə real problemləri kənara qoyaraq bu diqqətdən, bu münasibətdən sui-istifadə edib Azərbaycana təzyiq göstərməklə özünün maraqlarını təmin etməyi düşünürsə, bu, böyük dövlətlərə yaraşmayan siyasətdir. Bununla o dövlətlər özlərini kiçildir, onların təsir dairələri məhdudlaşır”, - deyə S.Səmədov qeyd edib.