“Sabunçu keçidi”ndə yağış suları ilə dolu tuneldən ikinci şəxsin meyiti çıxarılıb - YENİLƏNİB-2

Paytaxtın "Sabunçu keçidi" adlanan ərazisində yağış suları ilə dolu tuneldə daha bir nəfərin meyiti aşkar edilib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən davam etdirilən axtarış-xilasetmə işləri nəticəsində daha bir nəfərin - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən bütün zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsi davam etdirilir.

16:09

Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə (“Sabunçu keçidi” adlanan yerdə) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində boğulması ehtimal edilən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib.

Qeyd edilib ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

FHN-in qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

“Eyni zamanda, media nümayəndələrini və sosial media istifadəçilərini dəqiqləşdirilməmiş xəbərləri yaymamağa çağırır, yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad olunmasını xahiş edirik”, – deyə birgə məlumatda bildirilib.

15:03

Sabunçu rayonunda subasmaya məruz qalmış tuneldən bir nəfərin meyiti çıxarılıb.

Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun meyiti suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.