Ərəb enerji portalı Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqli barədə yazıb

Bakı, 14 aprel, AZƏRTAC

Ərəb ölkələrinin vahid “Attaqa” enerji portalı Qazaxıstan xam neftinin Azərbaycan ərazisindən nəqli barədə geniş məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, xəbərdə Qazaxıstanın aprel ayı ərzində Azərbaycan üzərindən 900 min barel xam neft ixrac etməyi nəzərdə tutduğu qeyd olunub. Müəllif diqqətə çatdırıb ki, bu ölkənin Baş nazirinin müavini Serik Jumanqarin bu əməliyyatın Qazaxıstanın “Kazmunay” və Azərbaycanın SOCAR kompaniyaları arasında imzalanmış sazişə əsasın həyata keçirildiyini deyib.

Məqalədə qeyd olunub ki, 2023-cü ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 10,7 milyon barel qazax neftinin nəqli planlaşdırılır. S.Jumanqarin bildirib ki, bu proses martda başlayıb və Qazaxıstan 20 min tonluq iki neft tankerini yola salıb, apreldə isə növbəti 125 min ton xam neft göndəriləcək. Onun sözlərinə görə, Azərbaycan neftin nəqlinin digər marşrutunu – Bakı-Supsa kəməri ilə, habelə dəmir yolu ilə Batumi və Poti limanlarına çatdırılmaqla ixracı yolunu da təklif edir. 2023-cü ildən başlayaraq hər il bu marşrutla 3,5 milyon ton qazax nefti nəql edilə bilər. Bununla yanaşı, tranzit marşrutu üzrə vahid operator, həmçinin xam neftin nəqlinin daha ucuz başa gəlməsini təmin edəcək və innovativ texnologiyalardan istifadə olunacaq birgə Azərbaycan-Qazaxıstan müəssisəsinin təsis edilməsinə dair müzakirələr aparılır.

Ərəb portalı vurğulayır ki, Qazaxıstan ötən il Rusiyanın Ukraynada müharibəsi və sanksiyalar səbəbindən xam neftin nəqlində problemlərlə üzləşib. Bu ölkə gündəlik 1,4 milyon barel xam neft ixrac edir ki, bu da qlobal tədarükün cəmi 1 faizindən çoxdur. Ötən 20 il ərzində qazax enerji şirkəti nefti Rusiyanın Qara dənizdəki Novorossiysk limanı vasitəsilə ixrac edib. Bu limana neft nəql edən boru kəmərinin bağlanmasından sonra qazax hökuməti Azərbaycanla danışıqlara başlayıb və SOCAR ilə xam neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə daşınmasına dair müvafiq saziş imzalayıb.