Alparslan Bayraktar: Müqavilənin icrası Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verəcək

Bakı, 21 avqust, AZƏRTAC

BOTAŞ ilə Macarıstanın “MVM CEEnergy” dövlət şirkəti arasında Türkiyənin enerji sahəsindəki strateji hədəfləri və inkişafı istiqamətində tarixi təbii qaz ixracı müqaviləsi imzalanıb.

AZƏRTAC “Bloomberg”ə istinadla xəbər verir ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar gələn ildən Türkiyədən Macarıstana təbii qaz nəqlinin başlanmasının gözlənildiyini bildirib. Bundan başqa, tərəflər arasında imzalanan müqavilə çərçivəsində Türkiyənin LNG infrastrukturu və iki ölkənin təbii qaz anbarlarının istifadəsi ilə bağlı əməkdaşlıq yer alıb.

Nazir Alparslan Bayraktar qeyd edib ki, Türkiyənin təbii qaz tədarükü təhlükəsizliyinin qarantiyası olan BOTAŞ, mavi yanacağın bir ölkəyə boru kəmərləri vasitəsilə ixracında bir ilk olan müqavilə ilə Avropanın enerji təchizatı təhlükəsizliyinə də əhəmiyyətli töhfə verəcək.

Qeyd edək ki, Türkiyə yanvar ayında Bolqarıstanla 13 il müddətinə hər il 1,5 milyard kubmetr təbii qaz ixracına dair müqavilə imzalayıb.