Bu ilin yanvar ayında Azərbaycandan Rusiyaya 9,25 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 354 min ABŞ dolları olub.
Rusiyaya elektrik enrjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 250 min kVt/saat və ya 2,8%, dəyər ifadəsi ilə 45 min ABŞ dolları, yaxud da 14,6% artıb.
Belə ki, ötən ilin ilk ayında Azərbaycandan Rusiyaya 9 milyon kVt/saat həcmində, 309 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilib.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycandan xaricə 140,9 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Bu miqdarda elektrik enerjisinin dəyəri 7,8 milyon ABŞ dolları olub. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 354,2 milyon kVt/saat (3,5 dəfə), dəyər ifadəsi ilə 21 milyon ABŞ dolları (3,7 dəfə) azalıb. 2024-cü ilin yanvarında Azərbaycandan ixrac edilən elektrik enerjisinin həcmi 495 milyon kVt/saat, dəyəri isə 28,7 milyon ABŞ dolları olub.
Onu da bildirək ki, hesabat ayında Azərbaycandan Rusiyaya, Gürcüstana və İrana elektrik enerjisi ixrac edilib.