Avropada iqtisadi artımın yavaşlaması Mərkəzi Asiyaya təsir edir, regionun Aİ və digər inkişaf etmiş ölkələrin gəlir səviyyələri ilə yaxınlaşma imkanlarını məhdudlaşdırır.
Bunu Trend-ə özəl müsahibəsində Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı İvaylo İzvorski deyib.
"Avropa və Mərkəzi Asiya üçün əsas problem iqtisadi artımın ləngiməsidir. Bu, bizim ölkələrimizdə artım templərinə təsir edir və nəticədə konvergensiya - Avropa İttifaqı və inkişaf etmiş ölkələrin gəlirlərinə yaxın səviyyələrə çatmaq imkanı kəskin şəkildə pisləşib", - İzvorski bildirib.
Onun sözlərinə görə, bu çətinliklərə baxmayaraq, Azərbaycan böyük ölçüdə enerji sektorunun sayəsində nəzərəçarpacaq iqtisadi artım nümayiş etdirib: "Azərbaycan öz karbohidrogen ehtiyatları sayəsində dünya bazarlarına inteqrasiyada uğur qazanıb". Lakin uzunmüddətli perspektivdə yüksək gəlirli statusa nail olmaq üçün Azərbaycan təbii ehtiyatlardan asılılığını azaltmalıdır.
O qeyd edib ki, buna nail olmaq üçün ölkə iqtisadiyyatı şaxələnməli və özəl sektor daha mühüm rol oynamalıdır. "Özəl sektor daha dinamik və dünyaya açıq olmalıdır. Həmçinin təhsil sistemini təkmilləşdirmək, iqtisadiyyatın bütün sahələrinin səmərəliliyini artırmaq lazımdır", - iqtisadçı bildirib.
İzvorski orta gəlirli ölkələrdən yüksək gəlirli ölkələrə gedən yolda iki əsas mərhələni qeyd edib. "Birinci mərhələ investisiya yönümlü modeldən xarici texnologiyaların və təcrübənin cəlb edilməsinə yönəlmiş modelə keçidi nəzərdə tutur. Azərbaycan indiki mərhələdədir, lakin o, bu prosesi qeyri-neft sektoruna da genişləndirməlidir", - o əlavə edib.
Növbəti mərhələ daxili innovasiyaların inkişafıdır. "İnnovasiyanın kök salması üçün ölkə ilk növbədə xarici bilikləri mənimsəməli və öz müəssisələrinin innovasiya potensialını gücləndirməlidir", - İzvorski bildirib.
İqtisadiyyatın diversifikasiyası üçün mümkün sahələrdən biri bərpa olunan enerji sektorudur. Baş iqtisadçı qeyd edib ki, “bərpa olunan enerji mənbələri təkcə enerji intensivliyinin azaldılmasına kömək etməyəcək, həm də ekoloji vəziyyəti yaxşılaşdıracaq və yeni texnologiyaların tətbiqini asanlaşdıracaq”.
İqtisadiyyatın diversifikasiyası üçün mümkün sahələrdən biri bərpa olunan enerji sektorudur. Baş iqtisadçı qeyd edib ki, “bərpa olunan enerji mənbələri təkcə enerji intensivliyinin azaldılmasına kömək etməyəcək, həm də ekoloji vəziyyəti yaxşılaşdıracaq və yeni texnologiyaların tətbiqini asanlaşdıracaq”.
Bundan əlavə, bərpa olunan enerji layihələri tikinti mərhələsində əhəmiyyətli kapital qoyuluşu və iş yerləri hesabına iqtisadi aktivlik yaradır. Tamamlandıqdan sonra onlar daha sərfəli və etibarlı enerji təmin edir, sabitliyi təşviq edir və enerji kəsilmələrini azaldır. “Bərpa olunan enerji mənbələrinə keçid Azərbaycana karbohidrogenlərdən asılılığını azaltmağa kömək edəcək”, - deyə İvaylo İzvorski yekunlaşdırıb.