Qazaxıstandan Azərbaycan ərazisi ilə 2025-ci il üçün neft nəqli üzrə planlar açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Qazaxıstanın “KazMunayQaz” şirkəti bu il Aktaudan Bakıya neft nəqlinin 1,7 milyon tona çatdırılması planlarını müzakirə ediblər.

Trend xəbər verir ki, bu barədə "KazMunayQaz"dan məlumat verilib.

Bu məsələ SOCAR-ın rəhbəri Rövşən Nəcəflə qazaxıstanlı həmkarı Asxat Xasenov arasında keçirilən görüşdə müzakirə olunub.

 

"Tərəflər Qazaxıstan neftinin Aktau-Bakı-Ceyhan marşrutu ilə nəqlinə dair 2022-ci ildə imzalanmış sazişin gedişatını müzakirə ediblər. 2024-cü ilin yekunlarına görə, nəqlin həcmi 1,4 milyon ton təşkil edib. Cari il üçün plan 1,7 milyon ton neftdir", - şirkətdən bildiriblər.

Qeyd edək ki, Bakıda SOCAR, Qazaxıstanın “KazMunayQaz”, Rusiyanın “Tatneft” və Özbəkistanın “Uzbekneftegaz” şirkətlərinin nümayəndələrinin iştirak etdiyi “Energetika sektorunda rəqəmsallaşma, sənaye təhlükəsizliyi və satınalmalar” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans çərçivəsində şirkət rəhbərləri rəqəmsal texnologiyalar və sənaye təhlükəsizliyi sahəsində dördtərəfli əməkdaşlıq memorandumları imzalayıblar.