Azərbaycanın alternativ enerji layihələri – gələcək illər üçün hesablanmış strateji addım - ŞƏRH

Prezident İlham Əliyevin Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalaması yaxın gələcəkdə ölkəmizin iştirakı ilə qlobal xarakter daşıyan daha bir iqtisadi layihənin reallaşacağını deməyə əsas verir.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, böyük alternativ enerji potensialına malik Azərbaycan özünün istehsal etdiyi enerjini ixrac etməklə yanaşı, Mərkəzi Asiya respublikalarında da istehsal olunan enerjinin dünya bazarına çıxmasında mühüm rol oynayacaq.

Məlum olduğu kimi, Rusiya ilə Ukrayna arasında baş verən silahlı toqquşma nəticəsində Avropanın enerjiyə olan tələbatı artıb. Siyasi münasibətlərin gərginləşməsi ilə yanaşı, Ukrayna ərazisində dağıdılmış infrastruktur Rusiyadan Avropaya təbii qazın və digər karbohidrogen ehtiyatlarının ixracının dayanmasına səbəb olub. Enerji təhlükəsizliyini alternativ mənbələr vasitəsilə təmin etmək məcburiyyətində qalan Avropa İttifaqı ölkələri isə təbii qaz ixracını artırmaqla bağlı Azərbaycana müraciət etmişdi. Belə ki, 450 milyondan artıq əhaliyə malik Qərbi Avropanın enerjiyə tələbatı ildən-ilə artır. Müraciətə cavab olaraq Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracını 30 milyard kubmetrədək artırmağı öhdəlik götürüb və bu öhdəliyi yerinə yetirir.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında hansı rolu oynaya bilər? Bu sualı savablandırmaq üçün ölkəmizlə yanaşı, Özbəkistan və Qazaxıstanın da yaşıl enerji istehsalı potensialını nəzərdən keçirmək lazımdır. Enerji ixracı ilə yanaşı, Avropaya enerji ötürülməsi üçün Azərbaycan həm də tranzit ölkə kimi çıxış edir.

Ölkəmiz 2030-cu ilədək ölkənin enerji balansında bərpaolunan enerjinin payını 30 faizə yüksəltməyi hədəfləyir. Energetika Nazirliyinin məlumatına əsasən, Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

2023-cü ildə “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində Xəzər regionunun və MDB məkanının ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə “Qaradağ Günəş Elektrik Stansiyası istifadəyə verilib. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib və ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kVt·saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. “ACWA Power” şirkəti ilə əməkdaşlıq çərçivəsində, 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının tikintisi davam edir. Ötən il “ACWA Power” şirkəti ilə “Dənizdə 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi”, “Quruda 1 QVt külək stansiyasının yaradılmasına dair İcra Müqaviləsi” və “Azərbaycan Respublikasında enerji saxlanc sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu” imzalanıb.

Naxçıvanda bərpaolunan enerji layihələrinin həyata keçirilməsi ilə bağlı “Nobel Energy Management”, “TotalEnergies” və “A-Z Czech Engineering” şirkətləri ilə ümumi gücü 1000 MVt-dan çox olan yaşıl enerji layihələri ilə əlaqədar müqavilələr bağlanıb.

Eyni zamanda, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamın icrası istiqamətində Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa başlanılıb və müvafiq Konsepsiya sənədi hazırlanıb. Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur. Bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilib. Eyni zamanda, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu müəyyən edilib. Bununla yanaşı, Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı mövcuddur.

İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulmasına və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi əhəmiyyət verilir. Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20.2 MVt gücündə 4 su elektrik stansiyası artıq istismara verilib.

Ekspertlərin rəyinə görə, 2030-cu ilədək Azərbaycanda tələbatdan dəfələrlə artıq elektrik enerjisi istehsal olunacaq ki, bu da onun ixracı zərurətini yaradacaq.

Tranzit ölkə kimi çıxış edən Azərbaycan Qazaxıstan və Özbəkistanın da potensialını nəzərdə keçirməlidir ki, müvafiq infrastruktur qura bilsin və enerjinin ötürülməsini təmin etsin.

Qazaxıstanın Energetika Nazirliyinin məlumatına əsasən, hazırda bu ölkədə alternativ enerji istehsal edən 133 müəssisə var. Bunlardan 48-si külək, 43-ü günəş, 39-u su, 3-ü bioqaz elektrik stansiyalarıdır. Bu müəssisələrin ümumi istehsal gücü 2,5 qiqavatdır. 2023-cü ilin ikinci yarısında bu stansiyalarda ümumilikdə 3,35 milyard kilovat-saat enerji istehsal olunub.

BMT-nin Sənayenin İnkişafı bölməsinin (UNİDO) hesabatına əsasən, Qazaxıstan planetimizin Şimal yarımkürəsinin külək axınları olan regionunda yerləşdiyi üçün böyük həcmdə külək enerjisi istehsal etmək potensialına malikdir. Təşkilatın ekspertləri bu potensialın 1820 milyard kilovat-saat olduğunu qeyd ediblər. Qazaxıstan hökuməti 2030-cu ilədək ölkənin 46 rayonunda ümumilikdə 1 milyon kilovat- saat külək enerjisi istehsal edəcək stansiyalar quraşdırmağı planlaşdırıb və artıq bu istiqamətdə işlərə başlanılıb. Bununla yanaşı, ölkənin dağlıq ərazilərindəki çayların üzərində 65 milyard kilovat-saat istehsal gücü olan kiçik su elektrik stansiyaları tikmək imkanı var. Qazaxıstanda ildə 3000 saat günəş işığının olması irihəcmli günəş enerjisi istehsal etmək üçün şərait yaradır. Bu ölkədə günəş enerjisi istehsalı potensialı 1 milyard qiqavat-saata çatır.

Alternativ enerji mənbələrinin istismarı Özbəkistanda da prioritet istiqamətə çevrilməkdədir. Xarici şirkətlər tərəfindən bu ölkə müvafiq sahəyə 2,1 milyard dollar sərmayə yatırılıb. Səmərqənd, Buxara, Surxandərya rayonlarında 1,6 Qvt gücündə 9 günəş elektrik stansiyası istismara verilib. Qarşıdakı 3 il ərzində Özbəkistanın müxtəlif bölgələrində 28 günəş və külək stansiyalarının işə salınacağı gözlənilir. Asiya İnkişaf Bankının sərmayəsi ilə tikilən bu stansiyaların ümumi gücü 8 Qvt olacaq. Özbəkistanın Energetika Nazirliyinin məlumatına əsasən, 2030-cu ilədək ölkədə istehsal olunan elektrik enerjisinin 40 faizi alternativ enerji mənbələrinin payına düşəcək.

Özbəkistanın energetika naziri Jurabek Mirzəmahmudov yerli mətbuata müsahibəsində bildirib: “Özbəkistandan elektrik enerjisi Mərkəzi Asiyanın ümumi enerji sistemi ilə Qazaxıstan ərazisindən keçəcək, daha sonra Xəzər dənizinin dibi ilə çəkiləcək kabel xətti vasitəsilə Azərbaycana, oradan da Gürcüstana, Qara dənizin dibi ilə kabel xətti sayəsində isə Rumıniyaya, Macarıstana və Bolqarıstana göndəriləcək”.

Dənizin dibi ilə enerji ötürülməsi layihəsi çərçivəsində Azərbaycan tərəfindən “AzerTelecom”, Qazaxıstan tərəfindən isə “Kazakhtelecom” şirkətləri Xəzər dənizindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Transxəzər fiber-optik kabel xəttinin tikintisi və istismarı haqqında razılıq əldə edib. Bu layihə ilə yanaşı, 2022-ci ilin dekabrında Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişə əsasən, Mərkəzi Asiya və Azərbaycan ixrac edəcəkləri elektrik enerjisini “Xəzər–Qara dəniz–Avropa yaşıl enerji dəhlizi vasitəsilə Avropaya ötürəcək.

 

Göründüyü kimi, Azərbaycan regionda həyata keçirilən və strateji xarakter daşıyan beynəlxalq iqtisadi layihələrdə əhəmiyyətli yer tutur. Prezident İlham Əliyevin enerji siyasəti nəinki ölkəmizin daxilində, eləcə də xaricdə dəstəklənir. Burada söhbət yalnız enerji istehsal edib onu satmaqdan və ya tranzitdən gəlir əldə etməkdən getmir. Əlbəttə ki, iqtisadi və perspektiv baxımından bu layihələr əhəmiyyətlidir. Burada büdcə gəlirlərinin artması ilə yanaşı, yeni iş yerlərinin açılması, insanların sosial vəziyyətinin yaxşılaşması, iqtisadi imkanların artırılması və təhlükəsizliyin təmin olunmasına kimi bütün amillər mühümdür. Bütün bunlarla yanaşı, yaxın gələcəkdə neftdən asılılıq aradan qalxacaq və iqtisadiyyatımız şaxələnəcək. Ən başlıcası isə Azərbaycan həm Şərqdən, həm də Qərbdən siyasi zəmanət alaraq müttəfiqlərinin sayını artıracaq. Azərbaycan bu layihələrlə dünyada gedən proseslərin nəticəsi kimi yarana biləcək gözlənilməz təhlükələrin də qarşısını alır.

Beləliklə, Prezident İlham Əliyevin Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalaması inkişafımızın yeni mərhələsində atılan çox uğurlu bir addımdır. Bu addımın nəticələri Azərbaycanın uzunillik iqtisadi inkişafına hesablanıb.