Şahdəniz Kompressiya platforması digər doqquz platformadan fərqli olaraq, ilk insansız platforma olacaq.
Trend-in məlumatına görə, bunu Şahdəniz Kompressiya (ŞDK) layihəsinin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə görüşdə layihə meneceri Elşad Məhərrəmli deyib.
"Bu platformada həm xərcləri azaltmaq, həm də yeni texnologiyalardan istifadə edərək, bir ilki Azərbaycana gətiririk. İldə iki dəfə 6 aydan bir olmaqla, 15 gün işçilər gəlib texniki işləri həyata keçirəcək. Gəmi vasitəsilə gələrək, texniki xidməti yerinə yetirəcək. Burada helikopterlərlə giriş də nəzərdə tutulmayıb.
Gəmilərin çarpışması riskinin qarşısını alınması məqsədilə platforma sərhədində 500 metrlik qadağan olunmuş zona yaradılıb.
Bu layihədə sıxışdırılmış qazın hazırkı boru kəmərlərinə birləşdirilməsi nəzərdə tutulur. Hazırkı kəmərlərdən istifadə edərək, qazı Səngəçal terminalına yollayacağıq", - o əlavə edib.