Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın enerji sektorunda qarşıdakı illərdə planlaşdırılan strateji addımlarla bağlı verdiyi açıqlamalar, ölkənin qaz istehsalı sənayesində yeni mərhələyə qədəm qoyacağından xəbər verir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Avropanın enerji bazarında təbii qazın qiyməti artmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinə də təhdid yaranıb:
“Belə ki, ötən ilin dekabrında Avropa birjalarında təbii qazın qiyməti 30 % artıb. “Qazprom”un açıqlamasına görə, əvvəlki illərdən fərqli olaraq Avropaya qaz ixracının həcmi 10 dəfə azalıb. Beynəlxalq Enerji Agentliyinin hesabatında isə göstərilir ki, ötən il Rusiyanın qaz ixracı 60 % azalıb. Ukraynanın öz ərazisindən Rusiya qazının tranzitinə imkan verməməsi və Avropa İttifaqının rus qazından tamamilə imtina etmək niyyəti buna əsaslı şərait yaradıb.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır”. Hazırda Azərbaycandan İtaliyayadək uzanan Cənub Qaz Dəhlizi boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Bu 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür”.
Müşfiq Cəfərov qeyd edib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu yalnız təbii qaz ixrac etməklə deyil, həm də vasitəçi ölkə kimi iştirak etməklə də Avropanın qaz məsələsindəki probleminin həllinin təminatçısına çevrilir.
“Ümumiyyətlə, Azərbaycanın qaz sənayesindəki strateji addımları təkcə iqtisadi artımı təmin etmir, digər regionlar üçün etibarlı qaz tədarükçüsü mövqeyini gücləndirir. Prezident İlham Əliyev müsahibəsində bu sahədəki prioritetləri vurğulayaraq, ölkənin enerji potensialının həm hasilat artımı, həm də geosiyasi təsir vasitəsi kimi səmərəli istifadə olunacağını qeyd edib”, - millət vəkili vurğulayıb.
Milli Məclisin deputatı Vüqar Bayramov isə Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan Avropa və bütövlükdə regionun enerji təhlükəsizliyinə töhfə verən ölkədir:
“Nəzərə alsaq ki, Azərbaycanın mavi qazı 2020-ci il dekabrın son günündən etibarən Avropa bazarına daxil olub, ötən müddətdə bütövlükdə Avropa bazarına 49 milyard kubmetrdən artıq Azərbaycan mavi qazı nəql edilib. Bu isə ondan xəbər verir ki, mavi qaz, bütövlükdə ixracatın artması Azərbaycanın Avropa və regionun enerji təhlükəsizliyinə töhfəsinin yüksəlməsi müşahidə olunur. 2024-cü ilin 11 ayında Azərbaycanın Avropaya mavi qaz ixracatı 8 % artıb. Azərbaycan növbəti illərdə Avropaya illik 20 milyard kubmetrə yaxın mavi qaz nəql etmək niyyətindədir”.
Millət vəkili xatırladıb ki, Azərbaycan mavi qazını alan ölkələrin sayı 12-yə çatıb:
“Bu isə ondan xəbər verir ki, Azərbaycanın enerji siyasəti, strategiyası bir tərəfədən ölkənin dövlət gəlirlərinin artmasına, digər tərəfdən regionun təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir. Və xüsusən nəzərə alsaq ki, Cənub Qaz Dəhlizinin reallaşması birbaşa Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu. Cənub Qaz Dəhlizi Avropa İttifaqının Rusiya-Ukrayna müharibəsindən sonra enerji, təbii qaza ciddi ehtiyacı olduğu dövrlərdə qitənin enerji təhlükəsizliyinə xüsusi töhfə verdi. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəql etdiyi mavi qazın həcmini artırdı”.
Vüqar Bayramov qeyd edib ki, Azərbaycan enerji keçidini dəstəkləyən, regionda alternativ mənbələrdən enerji istehsalına ən çox sərmayə yatıran ölkələrdən biridir.
“Son illərdə Azərbaycanda “yaşıl enerji”yə 1 milyard dollardan çox xarici sərmayə cəlb edilib. Bu eyni zamanda ondan xəbər verir ki, Azərbaycan ənənəvi enerji resurslarını hasil və ixrac etməklə yanaşı, enerji keçidini, səmərəliliyini dəstəkləyən və bu istiqamətdə bəlli hədəflərə malik olan ölkədir. Bu ona imkan verəcək ki, Azərbaycanla Avropa İttifaqı arasında bağlanmış anlaşmaya əsasən, ölkəmiz 2027-ci ildən etibarən öz “yaşıl enerji”sini Gürcüstan və Qara dəniz vasitəsilə Avropa İttifaqına çıxara biləcək. Bu isə Azərbaycanın regionun enerji təhlükəsizliyinə töhfəsində yeni mərhələnin başlanğıcı olacaq”, - deputat əlavə edib.