Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə (SOCAR) Macarıstanın “MVM Group” şirkəti arasında əməkdaşlıq imkanlarına, bərpa olunan enerji ilə bağlı mövzulara, perspektivdə nəzərdə tutulan layihələrə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
SOCAR-dan Trend-ə verilən məlumata görə, bu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəfin Macarıstanın “MVM Group” şirkətinin baş icraçı direktoru Karoly Matrai ilə görüşü çərçivəsində baş tutub.
Məlumata görə, görüşdə SOCAR ilə “MVM Group” şirkəti arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Bu xüsusda, “MVM Group”un cari ilin üçüncü rübündə dünyanın ən iri təbii qaz-kondensat yataqlarından olan “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişinə qoşulması, bununla da Azərbaycanın neft-qaz bazarına yeni enerji iştirakçısı kimi daxil olması xüsusi vurğulanıb.