"Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının yaradılması ilə bağlı ilə bağlı konsultativ görüşün nəticələri üzrə protokol imzalanıb

"Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının yaradılması ilə bağlı konsultativ görüşün nəticələri üzrə protokol imzalanıb.

Trend xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov bildirib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov qeyd edib ki, Azərbaycan Avstriya və Çinin iştirakı ilə Mərkəzi Asiya, Azərbaycan, Türkiyə regionunda beynəlxalq daşımaların koordinasiyasını yaxşılaşdırmaq məqsədi ilə "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının yaradılması təşəbbüsü ilə çıxış edib.

O, Assosiasiyanın tarif siyasəti və rəqəmsallaşma üzrə işlərin koordinasiyasını həyata keçirəcək kollegial orqan olacağını bildirib.

"Çin və Avstriyanın bu marşruta olan marağı onun cəlbediciliyini təsdiq edir", - R.Rüstəmov deyib.

“Tacikistan Dəmir Yolları” dövlət müəssisəsinin baş direktorunun birinci müavini Sorbon Kulaхmadov isə, "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının yaradılmasının ölkələr arasında yük daşımalarını artıracağına diqqət çəkib.

O, bildirib ki, effektiv nəqliyyat fəaliyyəti üçün infrastrukturun inkişafı və mükəmməlləşdirilməsi, optimal marşrutların və kommunikasiya yollarının qurulması vacibdir. Tacikistan hökuməti nəqliyyat sektorunun, xüsusilə də dəmir yolu infrastrukturunun inkişafına böyük diqqət ayırır.

"Özbəkistan Dəmir Yolları" ASC-nin sədri Zufar Narzullayev də, "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının yaradılmasını dəstəklədiklərini vurğulayıb. Qeyd edib ki, marşrut iştirakçıları arasında əlaqələri gücləndirəcək.

"Özbəkistan nəqliyyat və tranzit potensialını genişləndirmək üçün bütün şəraiti yaradılır. Dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır", - Narzullayev əlavə edib.