Azərbaycan və Özbəkistan Orta Dəhlizlə bağlı birgə fəaliyyətin şaxələndirilməsini müzakirə edib

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı çərçivəsində növbəti görüşü “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev ilə baş tutub.

ADY-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Özbəkistan arasında dəmir yolu sahəsində əməkdaşlığın bu ilin iyun ayında imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər əsasında genişləndirilməsi və Avrasiya Nəqliyyat Marşrutu çərçivəsində əlaqələrin yeni mərhələyə yüksəldilməsi potensialı müzakirə edilib.