Azərbaycanda xarici investorlar üçün vergi güzəştləri veriləcək

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması və bərpa olunan enerji istehsalına yönəlmiş layihələr üçün vergi güzəştləri tətbiq ediləcək.

Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsinin rəisi Əhməd Əhmədov VIII Mühasib və Auditorların Avrasiya Forumunda məlumat verib.

"Yaxın gələcəkdə "yaşıl" enerji strategiyası çərçivəsində ətraf mühitin sağlamlaşdırılması ilə məşğul olan və ekoloji fəaliyyət göstərən biznesin stimullaşdırılması üçün əlavə iqtisadi alətlər tətbiq ediləcək. Xüsusilə bərpa olunan enerji istehsalında fəal iştirak edən şirkətlərə, eləcə də, bu cür layihələrə maraq göstərən xarici investorlar üçün vergi güzəştləri veriləcək", - Əhmədov vurğulayıb.

Onun sözlərinə görə, vergi güzəştləri bu sahəyə sərmayələrin artırılması üçün vacib bir element olacaq.

"Son illərdə Vergi Xidməti karbon izi qiymətləndirmə vasitələrini və Milli Ekoloji hədəflərə yönəlmiş digər tədbirləri tətbiq etmək üçün beynəlxalq təcrübəni araşdırıb", - əlavə edib.