Media nümayəndələrinə COP29-da Qeydiyyat Mərkəzi və qeydiyyat prosesi haqqında məlumat verilib

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi məkan olan Bakı Stadionunda media nümayəndələri üçün birinci tanışlıq gəzintisi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Akkreditasiya və viza departamentinin direktor müavini Orxan Quliyev media nümayəndələrinə COP29-da Qeydiyyat Mərkəzi və qeydiyyat prosesi haqqında məlumat verib.

Daha sonra Koordinasiya Şurasının üzvü İsmayıl İsayev və Məkanların inşası departamentinin direktoru Azər Quliyev məkanda həyata keçirilən tikinti-quraşdırma və əməliyyatlar barəsində danışıblar.

Media nümayəndələri stadionun 49 hektarlıq perimetrində Mavi Zona üzrə aparılan tikinti işləri, məkanların dizaynı da daxil olmaqla ərazidə aparılan işlər, həmçinin 8 hektar ərazidə qurulan Yaşıl Zona ilə bağlı görülən işlərlə yaxından tanış olublar.

Qeyd edilib ki, müvəqqəti tikililərin inşasının artıq 90 faizi yekunlaşıb və ölkəmizdə COP29-un yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülür, lazımi infrastruktur yaradılır.