Səfir: Ukrayna Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa hazırdır

Ukrayna kibertəhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Bakıda keçirilən “Kibertəhlükəsizlik günləri” çərçivəsində “Texnoloji inkişafın və innovasiyaların effektiv idarə edilməsi üzrə milli tənzimləmələr” mövzusunda paneldə çıxışı zamanı deyib.

Səfir qeyd edib ki, Ukraynada texnologiya sahəsində təxminən 5 min şirkət fəaliyyət göstərir, 300 mindən çox İT mütəxəssisi çalışır.

“Onlar əsasən biznes, proqram təminatı, marketinq texnologiyaları, media, fintex, sığorta və səhiyyə texnologiyaları, sağlamlıq, elektron ticarət, pərakəndə satış və əlbəttə ki, kibertəhlükəsizlik kimi sahələrdə fəaliyyət göstərirlər. Ukrayna artıq kibertəhlükəsiz sahəsi ilə bağlı yeni infrastruktur yaradıb. Bu infrastruktur təhlükəsizlik sahəsinin və müdafiə sektorunun bir hissəsidir. Çünki hibrid müharibə zamanı kibertəhlükəsizlik milli təhlükəsizliyin bir hissəsidir. Buna görə də İT sektoru, infrastrukturu və bu sahənin inkişafı, təkmilləşdirilməsi ölkəmiz üçün əsas prioritetlərdən biridir”, - deyə Yuri Qusev vurğulayıb.