Bu il Bərdədə 30 min tondan çox pambıq istehsalı gözlənilir

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Bərdədə məhsul yığımına hazırlıq görülür. Texnikalar hazır vəziyyətə gətirilir, zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir. Pambıqyığan maşınla məhsulun toplanacağı sahələrdə defolyasiya işlərinə də başlanılıb.

Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2024-cü ildə rayonda 9648 hektar sahədə çiyid səpini həyata keçirilib, şirkətlərlə müqavilə əsasında becərilib. Sahələrdə əsasən “Lazer”, “Bəyaz Altun”, “May-455”, “Orion” pambıq sortları əkilib, aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub. Cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir.

Rayonda pambıq yığımına 40 ədəd kombayn, 137 ədəd traktor, 299 ədəd qoşqu, 12 ədəd yükləyici, 69 ədəd çiləyici, habelə fiziki şəxslərə məxsus texnikalar cəlb ediləcək. Sentyabrın sonlarında məhsul yığımına başlanılacaq. Bu mövsüm rayon üzrə 30 min tondan artıq pambıq istehsalı gözlənilir.