Bu gün Bakıda 12-ci beynəlxalq Xəzər Enerji Forumu öz işinə başlayıb

Trend xəbər verir ki, Forum “Caspian Energy Club” tərəfindən təşkil olunub.

Spikerlər arasında Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbəri Cavid Abdullayev, həmçinin, “Masdar”, “Acwa Power” və “SOCAR” şirkətlərinin nümayəndələri yer alır.

Bu forumdan sonra isə ilk qaz forumu keçiriləcək.

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Emil Məmmədov qeyd edib ki, Azərbaycan Dəmir Yolları (ADY) və Çin Avropaya dəmir yolu xidmətlərinin sayını artırmağı müzakirə edir.

"Bilirsiniz ki, son bir ildə Bakı-Tbilisi-Qars (BTQ) dəhlizinin texniki xidmət məsələləri ilə məşğul olmuşuq. Biz əsas əməliyyat və təmir aspektlərinə fokuslanaraq, işləri başa çatdırdıq və 2024-cü ilin iyunundan etibarən fəaliyyət göstərən əsas əlaqə bərpa edilib. Bunun sayəsində xəttin ötürücülük qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəlib", – o qeyd edib.

Onun sözlərinə görə, indiki dövrdə BTQ Mərkəzi Asiya ölkələrindən Avropaya və ya Afrikaya yük daşımaları üçün ən qısa və ən rahat marşrutdur.

"Türkiyənin Azərbaycan və ya Mərkəzi Asiya regionu arasındakı əlaqələr baxımından bu, ən qısa quru marşrutdur ki, yalnız ənənəvi yük daşımaları deyil, eyni zamanda, kontinental dəmir yolu tədarükünü də mümkün edir. Həmçinin, biz çinli tərəfdaşlarımızla Avropaya dəmiryolu marşrutlarının sayını artırmağı müzakirə edirik ki, bu da Çinin Avropa bazarına çıxması üçün əlavə imkan yaradacaq", – o əlavə edib.

 

Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varheli Forum iştirakçılarına onlayn müraciətində bildirib ki, Avropa İttifaqı Cənubi Qafqaz və Mərkəzi Asiyadan "yaşıl" enerji dəhlizləri layihələrinin həyata keçirilməsinə maliyyə və texniki dəstək göstərəcək.

Avropa komissarı Cənubi Qafqaz və Mərkəzi Asiyanın enerji və nəqliyyat dəhlizlərinin həyata keçirilməsindəki vacib rolunu vurğulayıb ki, bu da Avropa İttifaqı üçün əsas əhəmiyyət kəsb edir.

"Avropa İttifaqı bu regionlardan "yaşıl" enerji dəhlizləri layihələrinin həyata keçirilməsinə maliyyə və texniki dəstək göstərəcək, eyni zamanda, Avropa İttifaqının TEN-T strategiyası çərçivəsində Orta Dəhlizin inkişafını dəstəkləyəcək", – o qeyd edib.

Varheli Rusiyadan qaz tədarükünün azalmasını nəzərə alaraq, Azərbaycanın Avropaya qaz tədarükünü artırmağın vacibliyini vurğulayıb.

O, noyabrda Bakıda keçiriləcək COP29-la bağlı böyük gözləntilərdən bəhs edərək, bu iqlim sammitinin təmiz və bərpa olunan enerji layihələri üzrə irəliləyiş əldə etməyə kömək edəcəyini bildirib.