İraq şirkətləri azad edilmiş ərazilərdəki layihələrdə iştirak edə bilərlər

Azərbaycan İraq şirkətlərini işğaldan azad edilmiş ərazilərdəki layihələrdə iştirak etməyə dəvət edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıil Cabbarov Bakıdakı “Azərbaycan-İraq” biznes forumunda bildirib.

"Biz işğaldan azad edilmiş ərazilərin inkişafına dair özəl investisiyaların cəlb edilməsinə fəal dəstək veririk, burada sərfəli investisiya mühiti yaradılıb", – nazir qeyd edib.

O, işğaldan azad edilmiş ərazilərdə investisiyaların cəlbediciliyini artırmaq məqsədilə Azərbaycan tərəfindən 2023-cü ilin yanvarın 1-dən 10 il müddətinə gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilər üzrə güzəştlərin tətbiq edildiyini vurğulayıb.

"Avadanlıq, texnoloji cihazlar və materiallar 2023-cü ilin əvvəlindən 10 il müddətinə ƏDV və idxal gömrük rüsumlarından azaddır. Eyni zamanda, hüquqi şəxslərin səhmdarlarının dividendləri vergidən azaddır", –Cabbarov əlavə edib.

O, Bakıdakı biznes forumunun iki ölkə arasında ticari və iqtisadi əməkdaşlığın güclənməsinə gətirib çıxaracağına əminliyini bildirib.