Bakı. TurkicWorld:
Dünya enerji bazarında mərkəzi bir ölkə olmağı hədəfləyirik.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin ticarət naziri Ömər Bolat deyib.
"Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ən mühüm xüsusiyyəti xammal, xüsusilə enerji baxımından zəngin olmalarıdır. Biz də enerjiyə ehtiyacı olan bir ölkəyik. Təbii ki, təbii qaz və neftin hasilatı və kəşfi ilə bağlı işlərimizi davam etdiririk. Hazırda ehtiyaclarımızın böyük hissəsini idxal hesabına qarşılayırıq. Təbii qaz kəmərləri və neft kəmərləri həm öz təchizatımız, həm də Avropaya və dünyaya enerji ticarətində tranzit ölkə olması baxımından vacibdir. Türkiyə artıq təbii qazda mərkəz ölkə olmaq vəziyyətindədir. Biz dünya enerji bazarında mərkəzi ölkə olmağı hədəfləyirik”,- deyə nazir qeyd edib.
Ömər Bolat bildirib ki, Orta Dəhlizdə nəqliyyat xətlərinin yenilənməsi və təkmilləşdirilməsi olacaq. Bu dəhliz ticarətin artırılmasında çox mühüm rol oynayır.
"Pekindən Londona qədər uzanan Orta Dəhliz illik 600 milyard dollardan çox ticarət trafikinin mərkəzindədir və beynəlxalq ticarətdə təmin etdiyi təhlükəsizlik, vaxta qənaətlə önə çıxır. Bizim buradakı ən əhəmiyyətli rolumuz Türkiyənin bir yol ayrıcı ölkə olmasıdır. Hər bir yol Türkiyədən keçir”,- deyə Bolat əlavə edib.
Türkiyəli nazir vurğulayıb ki, Türkiyə artıq dünyaya açıq bir iqtisadiyyatdır. İxrac və idxal baxımından dünya ticarətində 620 milyard dollarlıq payımız var. Bu açıq iqtisadiyyatın ən mühüm göstəricisi ümumi ixrac və idxalın payının təxminən 200 milyon dollar təşkil etməsidir.
Bundan əlavə, Bolat qeyd edib ki, Türk diasporu dünyanın ən nüfuzlu diasporlarından biridir.