Azərbaycanda ilk dəfə olaraq tekstil sahəsində klasterləşmə formalaşdırılacaq

Azərbaycan-Özbəkistan birgə kapitallı “Textile Horizon” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Mingəçevir Sənaye Parkının rezidentliyi statusu verilib.

İZİA-dan Trend-ə verilən məlumata görə, layihə çərçivəsində Sənaye Parkının ərazisində mahlıc, iplik, parça, geyim istehsal edəcək müəssisələr inşa olunacaq və bununla da ölkəmizdə ilk dəfə olaraq tekstil sahəsində klasterləşmə formalaşdırılacaq.

Bildirilib ki, Almaniya, İsveçrə, İspaniya, Türkiyə kimi ölkələrin qabaqcıl texnologiyalarının tətbiq ediləcəyi müəssisələrdə il ərzində 11,6 min ton iplik, 7,3 min ton xam parça, 6,2 min ton boyalı parça, 11,8 milyon ədəd tikiş məhsulu (geyim) istehsal olunacaq.

 

İnvestisiya dəyəri 153 milyon manat təşkil edən layihə çərçivəsində 2300-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

İstehsal ediləcək məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da həyata keçiriləcək.

Layihənin 2027-ci ildə istismara verilməsi planlaşdırılır.