Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı “Azza-Aqro” QSC-nin istehsalı olan “Fermazza” əmtəə nişanlı 82 faiz yağlılıqda kərə yağından götürülmüş nümunənin sınaq nəticələrinə əsasən, yağda bitki sterinləri (stiqmasterin, kampesterin, beta-sitosterin) ilə yanaşı, yağ turşuları üzrə uyğunsuzluq aşkarlanıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bununla bağlı məhsul partiyasının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkar barəsində inzibati tədbir görülüb və icrası məcburi göstərişlər verilib.
Qeyd edək ki, məhsulların üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi göstərilsə də, faktiki tərkibində bitki sterinin aşkar edilməsi istehlakçıların aldadılmasına və hüquqlarının pozulmasına səbəb olur.