Serdar Ünsal: İqdır-Naxçıvan qaz kəmərinin açılması regionun inkişafında güclü stimul olacaq

İqdır-Naxçıvan qaz kəmərinin açılması Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin inkişafına növbəti töhfə, regionun inkişafı üçün güclü stimuldur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADEEF) sədr müavini, İqdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Serdar Ünsal Prezident İlham Əliyevin Türkiyəyə səfərinin yekunlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, yeni qaz kəmərinin açılması Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyini təmin edəcək, regionun alternativ təchizat mənbələrindən asılılığını aradan qaldıracaq.

Agentliyin həmsöhbəti Naxçıvanın Azərbaycan-Türkiyə münasibətləri üçün hər zaman strateji əhəmiyyətə malik olduğunu, Azərbaycanın inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

“Kommunikasiyaların açılması ilə Naxçıvanın əhəmiyyəti artacaq ki, bu da muxtariyyətin potensialını tam üzə çıxarmağa imkan verəcək”, - deyən Ünsal Qars-İqdır-Naxçıvan dəmir yolu tikintisi layihəsini, muxtar respublikanın elektrik enerjisi ilə təmin edilməsinə dair müqavilələri və digərlərini misal çəkib.

TADEEF rəhbərinin müavini əmin olduğunu bildirib ki, İqdır-Naxçıvan boru kəməri kimi layihələr həm Naxçıvanda, həm də Türkiyənin sərhəd vilayətlərində yeni investisiyalar üçün mühüm təkandır.

“Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsi sayəsində muxtar respublikada yeni iş yerləri açılacaq, sərhədyanı rayonlar arasında əlaqələr intensivləşəcək. İqdır da bu layihədən böyük iqtisadi fayda əldə edəcək”, -deyə S.Ünsal sözlərini yekunlaşdırıb.