Gürcüstan Milli Bankının sədri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında (AMB) olub.
AMB-dan AZƏRTAC-a bildirilib ki, Mərkəzi Bankın sədri Taleh Kazımov Gürcüstan Milli Bankının nümayəndə heyəti ilə görüşüb. Görüşdə bir sıra istiqamətlərdə mərkəzi banklar arasında mövcud əməkdaşlıq əlaqələri çərçivəsində əldə olunan nəticələr ilə bağlı məmnunluq ifadə olunub, ödəniş sistemlərinin müasirləşdirilməsi, risk əsaslı bank nəzarətinin tətbiqi, monetar sferada islahatlar, maliyyə texnologiyalarının tətbiqi, maliyyə savadlılığının artırılması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Mərkəzi Bank ilə Gürcüstan Milli Bankı arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandumun məqsədi pul siyasəti, maliyyə sabitliyi siyasəti, bank nəzarəti, ödəniş sistemləri, eləcə də maliyyə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsidir. Həmçinin memorandum çərçivəsində təcrübə və məlumat mübadiləsinin aparılması, təlim və birgə seminarların keçirilməsi, texniki məsləhətlərin verilməsi məqsədilə araşdırma və tədqiqat xarakterli səfərlərin təşkili də nəzərdə tutulub.
Memorandum hər iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın daha da möhkənlənməsinə xidmət edəcək, həm mərkəzi bankçılığın, həm də bütövlükdə iki ölkənin maliyyə sektorunun inkişafına töhfə verəcək.