D-8 ölkələrinin Bakıda investisiya əməkdaşlığı üzrə görüş keçirməsi təklif edilib

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam Azərbaycanın İqtisadiyyat nazirinin birinci müavini cənab Elnur Əliyev ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə D-8-in “X” sosial şəbəkə hesabında paylaşım edilib.

Məlumata görə, İsiaka Abdulqadir İmam Azərbaycanı D8- ə qoşulması münasibətilə təbrik edib və Təşkilatın Üzv Dövlətlər arasında ticarət və iqtisadi rifahı təşviq etmək üçün əsas təşəbbüslərini vurğulayıb.

Baş katib D-8-ə üzv dövlətlər arasında investisiya əməkdaşlığının genişləndirilməsi üçün D-8 ölkələrinin İnvestisiyaların Təşviqi Agentlikləri ilə Bakıda görüşün keçirilməsini təklif edib.

Nazir müavini bu təklifi dəstəkləyib və müxtəlif prioritet sahələr, o cümlədən nəqliyyat, KOM-lar, HR-nin inkişafı, İKT, ticarət və investisiyalar üzrə əməkdaşlığa hazır olduğunu bildirib.

Görüşdə e-ticarət və investisiya tərəfdaşlığının əhəmiyyəti vurğulanıb. Təklif olunan fəaliyyətlərin üsulları üzrə növbəti texniki sessiyalar barədə razılıq əldə olunub.