D-8 Bakıda investisiya əməkdaşlığı üzrə görüş keçirməyi təklif edib

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam investisiya əməkdaşlığının gücləndirilməsi və genişləndirilməsi məqsədilə təşkilata üzv ölkələrin investisiya təşviqi agentlikləri arasında Bakıda görüş keçirməyi təklif edib.

“Report” xəbər verir ki, bu barədə D-8-in Baş katibinin Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevlə görüşünün yekunu üzrə “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.

Məlumatda bildirilib ki, nazir müavini bu təklifi dəstəkləyib və nəqliyyat, kiçik və orta biznes, insan resurslarının inkişafı, İKT, ticarət və investisiyalar da daxil olmaqla müxtəlif prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.

Danışıqlar zamanı tərəflər elektron ticarət və investisiyalar sahəsində tərəfdaşlıq münasibətlərinin vacibliyini vurğulayıb, təklif olunan tədbirlər üzrə növbəti məsləhətləşmələrin keçirilməsi barədə razılığa gəliblər.