Gender bərabərsizliyi hələ də dünyanın hər yerində ən böyük insan hüquqları problemidir.
"Report" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Azərbaycan üzrə Layihə Meneceri Sevil Qasımova qarşıdan gələn 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Bakıda keçirilən "Ring the Bell for gender equality" ("Gender bərabərliyi üçün zəngi çalın") adlı tədbirdə bildirib.
"Gender bərabərliyini reallığa çevirmək qadınların iqtisadi səlahiyyətlərinin artırılması olmadan mümkün deyil. Lakin bu, xüsusi tədbirlər tələb edir. Bərabər dəyərli işə bərabər əmək haqqı, ayrı-seçkilik etməmək və s.xüsusi tədbirlər tələb edir. Bu, çox vacibdir. Ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş 2030-cu ilə qədər sosial-iqtisadi inkişaf üzrə milli prioritetlərdə qadınların iqtisadi imkanlara çıxışının yaxşılaşdırılması da nəzərdə tutulub. Bu istiqamətdə şübhəsiz ki, özəl sektor mühüm rol oynamalıdır. 2010-cu ildə BMT Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərini təqdim edib. Bu prinsiplər gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsini təşviq etmək üçün hərtərəfli çərçivə təmin edir. Hazırda həmin prinsiplərə qoşulmuş 38 yerli şirkətimiz var. Daha 20 şirkəti cəlb etməyi hədəfləyirik", - deyə o qeyd edib.