2024-cü ildə Milli Məlumat Mübadiləsi sisteminə 150-dən çox informasiya sistemi, 70-dən çox dövlət qurumu inteqrasiya olunub. Həyata keçirilən məlumat mübadilələri ötən il ərzində təxminən 10 mindən çox ağacın kəsilməsinin qarşısını alır. Gündəlik 1,5 milyon məlumat tranzaksiyası həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 2024-cü ilin rəqəmsal hökumət üzrə inkişaf göstəricilərinə dair hesabatında əks olunub.
Hesabata əsasən, “digital.bridge” - Milli Məlumat Mübadiləsi sistemi aparılan əməliyyatların sayında da artım müşahidə olunub. Belə ki, 2022-ci illə müqayisədə 120 faiz, 2023-cü illə müqayisədə 51 faiz artım qeydə alınıb.
Həmçinin hesabatda “digital.login” vahid giriş sisteminə 160-dan çox informasiya sisteminin qoşulduğu qeyd olunur. Bildirilib ki, sistemdə aylıq 7 milyondan çox əməliyyat icra olunur. Əməliyyatların sayında 2020-ci illə müqayisədə 380 faiz, 2021-ci illə müqayisədə 364 faiz, 2022-ci illə müqayisədə 221 faiz, 2023-cü illə müqayisədə 143 faiz artım müşahidə edilib. Son illərin artım templərinə baxdıqda istifadəçi sayı 2020-ci illə müqayisədə 147 faiz, 2021-ci illə müqayisədə 82 faiz, 2022-ci illə müqayisədə 59 faiz, 2023-cü illə müqayisədə 32 faiz artıb. Sistemdə hazırda 4 milyondan çox aktiv istifadəçi var.