Ekspert: Qazaxıstan Azərbaycanla müttəfiqlik münasibətlərini ardıcıl şəkildə inkişaf etdirir

Rəsmi Astana Azərbaycanla bütün sahələrdə müttəfiqlik və tərəfdaşlıq münasibətlərini ardıcıl olaraq inkişaf etdirir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Avrasiya Milli Universitetinin baş müəllimi, şərqşünas Janat Momınkulov Qazaxıstanın Baş naziri Oljas Bektenovun Azərbaycana səfərinin yekunlarını şərh edərkən deyib. O əlavə edib: “İki türk dövləti arasında möhkəm və etibarlı tərəfdaşlıq Xəzər regionunda inteqrasiya proseslərinin irəliləməsi üçün mühüm amildir”.

Ekspertin sözlərinə görə, Qazaxıstan və Azərbaycan ənənəvi olaraq öz regionlarında əsas rol oynayır və nəqliyyat-logistika layihələrinin inkişafına, o cümlədən yüklərin daşınmasını yaxşılaşdırmaq üçün nəqliyyat infrastrukturunun modernləşdirilməsinə xüsusi əhəmiyyət verir.

“İki strateji tərəfdaş tərəfindən iri beynəlxalq nəqliyyat və kommunikasiya layihələrinin gələcəkdə də həyata keçirilməsi regionlararası marşrutların genişləndirilməsi üçün çox böyük əhəmiyyət kəsb edir”, -deyə o qeyd edib.

Ekspert vurğulayıb ki, ötən il Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzrə daşımaların həcminin artması onun region iqtisadiyyatı üçün artan əhəmiyyətindən və müxtəlif beynəlxalq aktorlar tərəfindən tələbatın olmasından xəbər verir.

"Rəqəmsal Ticarət Dəhlizinin rəqəmsal platformasının inkişafı Asiya ilə Avropa arasında TITR boyunca tranzit daşımaların dinamikasına müsbət təsir göstərəcək", -deyə şərqşünas bildirib.

J.Momınkulov Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin çəkilməsi məsələsinə də toxunaraq, bu layihənin rabitənin keyfiyyətinin yüksəldilməsinə və region ölkələrinin qlobal rəqəmsal şəbəkələrə inteqrasiyasına imkan verəcəyini bildirib.