Yaponiya Azərbaycanla "yaşıl" texnologiyalar sahəsində uğurlu əməkdaşlığa ümid edir - səfir

Yaponiya Azərbaycanla "yaşıl" texnologiyalar sahəsində uğurlu əməkdaşlığa ümid edir.

Trend xəbər verir ki, bunu bu gün Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe Bakıda imperator Naruhitonun doğum günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

"Keçən il Azərbaycanda COP29 konfransı keçirilib. Yaşıl inkişaf sahəsində iddialı səylər nümayiş etdirən bir ölkədə bu tədbirin keçirilməsi gələcək üçün davamlı cəmiyyətin yaradılması istiqamətində mühüm addım idi. Mən bir daha COP29-a uğurla ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə öz hörmətimi bildirmək istəyirəm.

Bundan əlavə, ümid edirəm ki, Yaponiya və Azərbaycan tezliklə “yaşıl” cəmiyyətin yaradılmasına çalışaraq, yeni sahələrdə sıx əməkdaşlığı davam etdirəcəklər”, - Səfir bildirib.

Səfir vurğulayıb ki, ölkələr davamlı inkişaf, o cümlədən Yaponiya şirkətlərinin ekoloji təmiz texnologiyalara investisiyaları sahəsində birgə fəaliyyəti davam etdirəcəklər.

"Diplomatik münasibətlərin otuz ili ərzində ölkələrimiz siyasət və iqtisadiyyatdan tutmuş mədəniyyət və təhsilə qədər bir çox sahələrdə daha da yaxınlaşıb", - o əlavə edib.