Son 5 ildə Azərbaycana 374 min 148 ədəd minik avtomobili idxal olunub.
Bu barədə AZƏRTAC-a Media Təhlil Mərkəzi məlumat verib.
Qeyd olunub ki, bu müddət ərzində ən az minik avtomobili idxalı 2020-ci ildə (49 min 692 ədəd) qeydə alınıb və bu, pandemiyaya görə xarici ticarət əlaqələrində yaranan fasilələr ilə bağlı olub.
Son 5 ilin ən yüksək göstəricisi 2023-cü ildə qeydə alınıb və həmin il ölkəyə 88 min 151 minik avtomobili idxal olunub. 2024-cü ildə isə Azərbaycana idxal olunan minik avtomobillərinin sayı əvvəlki ilin göstəricisi ilə müqayisədə 6,5 faiz azalaraq 82 min 434 ədəd təşkil edib.
Son 3 ildə ölkəyə idxal olunan minik avtomobillərinin orta qiymətində ciddi artım müşahidə olunub. Aşağıdakı cədvəldən də göründüyü kimi, 2022-ci ildə ölkəyə idxal olunan minik avtomobillərinin orta qiyməti 34,2 faiz artaraq 35 min 540 manat, növbəti ildə daha 39,8 faiz artaraq 49 min 679 manata yüksəlib.
2023-cü ilin göstəricisi ilə müqayisədə 2024-cü ildə minik avtomobillərinin orta qiyməti 10,6 faiz artaraq 54 min 923 manata bərabər olub. Bu tendensiya göstərir ki, ölkəyə gətirilən avtomobillərin orta qiyməti son illərdə əhəmiyyətli dərəcədə yüksəlib. Bu, tələbatın dəyişməsi, qlobal iqtisadi faktorlar və avtomobil bazarındakı ümumi qiymət artımı ilə bağlı ola bilər.
Son 5 ildə ölkəyə gətirilən minik avtomobillərinin böyük qismini yanacaq mühərrikli minik avtomobilləri təşkil etsə də, 2024-cü ildə ekoloji təmiz minik avtomobillərinin ümumi minik avtomobillərinin idxalında payı rekord həddə, yəni 35,45 faizə çatıb.
Azərbaycana idxal olunan minik avtomobilləri arasında yanacaq mühərrikli minik avtomobillərinin payı ilk dəfə olaraq 80 faizdən aşağı, yəni 64,55 faiz təşkil edib.
Qeyd olunub ki, ekoloji təmiz minik avtomobillərinə tətbiq olunan vergi və gömrük güzəştləri, həmçinin bu növ avtomobillərin yol xərclərinin az olması onların sayının sürətlə artmasına gətirib çıxarır.
2024-cü ildə yanacaq mühərrikli minik avtomobillərinin idxalı əvvəlki ilin göstəricisi ilə müqayisədə 25 faiz azalaraq 53 min 210 ədəd, elektromobillərin idxalı isə 2,4 faiz azalaraq 3027 ədəd olub.
Hibrid minik avtomobillərinin sayı isə 2023-cü ilin rəqəmləri ilə müqayisədə 29,6 faiz artaraq 15 min 815 ədədə çatıb. Ən yüksək artım isə plug-in hibrid minik avtomobillərinin idxalında qeydə alınıb. 2023-cü ilin göstəricisi ilə müqayisədə 2024-cü ildə Azərbaycana 5,5 dəfə daha çox plug-in hibrid minik avtomobili gətirilib.
Rəsmi rəqəmlərə əsasən, 2024-cü ildə ölkəyə 15 min 815 hibrid, 10 min 382 plug-in hibrid və 3027 elektromobil olmaqla 29 min 224 ekoloji təmiz minik avtomobili gətirilib.
Ötən il ölkəyə gətirilən elektromobillərin orta qiyməti 116 min 103 manat təşkil edib. Bu da onu göstərir ki, Azərbaycana gətirilən ən bahalı minik avtomobilləri məhz elektromobillərdir.
2024-cü ildə plug-in hibrid minik avtomobillərinin orta qiyməti 2023-cü ilin göstəricisi ilə müqayisədə 31,8 faiz azalaraq 82 min 297 manat təşkil edib.
Ötən il hibrid minik avtomobillərinin orta qiymətində ciddi dəyişiklik qeydə alınmayıb. Əvvəlki ilin qiyməti ilə müqayisədə hibrid minik avtomobillərinin 2024-cü ildə orta qiymət 3,6 faiz azalaraq 70 min 143 manat olub. Ənənəvi yanacaq mühərrikli minik avtomobillərinin orta qiyməti isə 1,7 faiz artaraq 41 min 577 manat təşkil edib.