Ötən ay dövlət büdcəsinin icrası proqnozdan artıq olub

Cari ilin yanvar ayında dövlət büdcəsinin gəlir və xərclərinin icrası açıqlanıb.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yanvar ayında dövlət büdcəsinin gəlirləri 4 milyard 49 milyard 2 min manat təşkil edib ki, gəlirlərin icrası aylıq proqnozdan 89,1 min manat və ya 2,25 faiz çox olub.

Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2 milyard 259 milyon 282,5 min manat, Dövlət Gömrük Xidmətindən 487 milyon 139,2 min manat, Əmlak Məsələləri Dövlət Xidmətindən 3 milyon 335,8 min manat, Dövlət Neft Fondundan transfert isə 1 milyard 206 milyon 8 min manat təşkil edib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 57 milyon 317,9 min manata, sair daxilolmalar isə 35 milyon 363,6 min manata bərabər olub.

Büdcə gəlirlərindəki dinamikaya uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən bütün xərc sifarişlərinin tam həcmdə və vaxtında icrası təmin olunub. Belə ki, yanvar ayında dövlət büdcəsinin xərcləri 2 milyard 339 milyon 594,2 min manat təşkil edib ki, bu da aylıq proqnozdan 12 milyon 487,1 min manat və ya 0,54 faiz çoxdur.

Beləliklə, cari ilin yanvar ayında rəsmi iş günlərinin sayının 18 olmasına baxmayaraq, büdcə xərcləri üzrə son illərin ən yüksək icra məbləği qeydə alınıb.