Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən orta sahibkarlığa 1 milyard 834 milyon manat biznes krediti verilib.
Trend Mərkəzi Banka istinadən xəbər verir ki, orta sahibkarlığa verilən biznes kreditlərinin həcmi əvvəlki ilin sonu ilə müqayisədə 315,7 milyon manat, yaxud da 14,7% azalıb. 2023-cü ilin sonunda orta sahibkarlığa verilən biznes kreditlərinin həcmi 2 milyard 149,7 milyon manat olub.
Qeyd edək ki, ötən ilin sonunda Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14 milyard 787 milyon manat təşkil edib. Bankların biznes kredit portfeli əvvəlki illə müqayisədə 17,2% və ya 2 milyard 170 milyon manat artıb. 2023-cü ildə bankların biznes kredit portfelinin həcmi 12 milyard 616 milyon manat olub.
Xatırladaq ki, cari ilin yanvar ayının 1-nə olan məlumata görə, Azərbaycanda 4 min 150 orta sahibkarlıq subyekti fəaliyyət göstərir.
Orta sahibkarlıq subyektlərinin ən çoxu ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində (1 423), ən azı isə digər sahələrdə (47) fəaliyyət göstərir.