Ötən il nəqliyyat sektorunun bir sıra istiqaməti üzrə rekord göstəricilərə nail olunub - Anar Rzayev (MÜSAHİBƏ)

Paytaxtın nəqliyyat sektorunda aparılan sürətli islahatlar diqqət mərkəzində qalmaqdadır. Mətbuat bu islahatlardan yazır, nəqliyyat infrastrukturundan istifadə edən vətəndaşlar - sürücülər, sərnişinlər, mikromobillik vasitələrinin istifadəçiləri və piyadalar dəyişiklikləri, demək olar, hər gün müzakirə edirlər. Bu sektorun müxtəlif istiqamətləri arasında avtobuslara, taksilərə və mikromobilliyə xüsusi diqqət ayrılır, çünki, son ayların inqilabi dəyişiklikləri məhz həmin sahələrlə bağlıdır.

2024-cü ildə əldə olunan uğurlar və islahatların Bakının nəqliyyat sektorunun simasını necə dəyişdiyi barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Trend-ə müsahibə verib.

- Gəlin ondan başlayaq ki, istənilən islahatlar, layihələr, qərarlar nəhəng işin, uzunmüddətli müzakirələrin və təhlillərin nəticəsidir. Hazırda müzakirə olunan məsələlər əsası təxminən iyirmi il bundan əvvəl qoyulmuş uzunmüddətli inkişaf strategiyası və dövlət başçısının ölkə həyatının bütün sahələrini əhatə edən bu genişmiqyaslı islahatların başlanğıcında qarşıya qoyduğu vəzifələrin ardıcıl həyata keçirilməsi ilə bağlıdır. Məhz o zaman respublikanın, o cümlədən paytaxtın nəqliyyat sisteminin köklü yenilənməsi ilə bağlı qərarlar qəbul edilmişdir, çünki bunlar ölkənin əlverişli coğrafi mövqeyindən və tranzit imkanlarından səmərəli istifadə etməklə effektiv mərkəzə çevrilməsi perspektivinə yönəlmiş addımlar idi. Bu gün biz bu uzaqgörən siyasətin bəhrəsini görürük - Azərbaycan regionları və qitələri birləşdirən çoxsaylı qlobal miqyaslı nəqliyyat layihələrinin əsas seqmentinə çevrilib. Bu illər ərzində həyata keçirilən işlər çərçivəsində Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib, çünki sürətli sosial-iqtisadi inkişaf, artan işgüzar fəallıq, müəssisələrin və iş yerlərinin yaradılması həm də paytaxt aqlomerasiyasında kütləvi hərəkətliliyi nəzərdə tutur.

Təbii ki, həyat yerində dayanmır. Bu illər ərzində şəhərin nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün həyata keçirilmiş layihələr o dövrün aktual məsələlərinin həllinə, o cümlədən yeni yolların və qovşaqların tikilməsi ilə əksər küçə və prospektlərin yükünün azaldılmasına kömək edirdisə, hal hazırda şəhər mobilliyinin transformasiyası digər vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur. Bu sıraya şəxsi avtomobil və taksi ilə gedişlərin azaldılması fonunda ictimai nəqliyyatın səmərəliliyinin artırılması, mikromobilliyin inkişafı və piyada zonalarının genişləndirilməsi üçün şəraitin yaradılması, o cümlədən sağlam həyat tərzinin təbliği və rahat şəhər mühitinin formalaşması daxildir. Bu, dünyanın bir çox qabaqcıl şəhərinin keçdiyi yoldur. İxtisaslaşmış yerli və xarici qurumların mütəxəssislərinin iştirakı ilə aparılan ətraflı təhlillər əsasında layihə və proqramlar işlənib hazırlanmışdır ki, onların reallaşdırılması qısamüddətli məsələlərin bir qisminin həllinə kömək edib. Digər istiqamətlər üzrə işlərin həyata keçirilməsi və uzunmüddətli perspektivə hesablanmış məsələlərin həlli isə davam edir.

- Ötən il nəqliyyat sektorunun bir sıra istiqaməti üzrə rekord göstəricilərə nail ola bilmişik ki, bu da genişmiqyaslı işlərin məntiqi nəticəsi idi. Təkcə onu qeyd etmək kifayətdir ki, avtobuslardan istifadə edənlərin sayının artması nəticəsində 2024-cü ildə Bakıda 476 milyon sərnişin daşınıb, bu da 2023-cü illə müqayisədə 28 milyon nəfər çoxdur. Ümumilikdə, ötən il paytaxt və şəhərətrafı qəsəbələrdə sərnişin daşınması 9% artaraq 518 milyon nəfər, “BakuBus” avtobusları üzrə isə həmin göstəricidə artım 20% və ya 148 milyon nəfər təşkil edib.

Bu, bir çox amil, o cümlədən ictimai nəqliyyat sisteminin optimallaşdırılması, paytaxt küçələrində xüsusi hərəkət zolaqlarının yaradılması, ardıcıl genişləndirilməsi və əlaqələndirilməsi nəticəsində mümkün olub. Mütəxəssislərimizin apardığı monitorinqlər göstərir ki, bu zolaqlar üzrə avtobusların orta sürəti 18 km/saatdan 22 km/saatadək artıb, bəzi küçələrdə hərəkət vaxtı 12, bəzilərində isə 22 dəqiqə azalıb. Yəni, əksər marşrutlarda intervalı xeyli qısaltmaq mümkün olub (buna görə əvvəllər bizə çoxlu şikayət daxil olurdu), sərnişinlərin sayı isə xeyli artıb. Bilirsiniz, bütün bu statistikanın arxasında çox mühüm bir amil dayanır – sərnişinlərin ictimai nəqliyyata etibarının artması. Tədricən anlayış formalaşır ki, yoldakı vəziyyətə nəzarət etmədən, parklanma yerlərini axtarmadan və şəxsi avtomobil sürücülərinin üzləşdiyi digər problemlərdən narahat olmadan avtobuslarla təyinat yerinə daha tez və rahat çatmaq olar. Son zamanlar hətta avtomobil ilə səyahətin böyük həvəskarları da xüsusilə qısa və orta məsafələrə gediş üçün avtobusdan tez-tez istifadə etməyə başlayıblar. Biz sözdə deyil, əməldə vətəndaş məmnunluğuna nail ola bilmişik. Qanunvericiliyin təkmilləşdirilməsi də avtobus zolaqlarının səmərəliliyinin artırılmasında mühüm rol oynayıb ki, bu da həmin zolaqlara daxil olan digər hərəkət iştirakçılarının sayını praktiki olaraq minimuma endirib.

- Hazırda yeni marşrut şəbəkəsinə uyğun olaraq paytaxtın 40-a yaxın küçə və prospektini əhatə edən xüsusi zolaqların ümumi uzunluğu 112 kilometrdir, onlar üzərində hərəkət edən avtobuslar hər gün 900 minə yaxın sərnişin daşıyır. Lakin bu, əlbəttə ki, son hədd deyil və mütəxəssislərimiz avtobus zolaqları şəbəkəsinin genişləndirilməsi layihələri üzərindəki işi davam etdirirlər.

 

- Avtobus parkının yenilənməsi prioritet vəzifələrdən biridir. Ekoloji cəhətdən təmiz texnologiyalarla çalışan yeni avtobuslar sakit işləyir və sərnişinlər üçün son dərəcə rahatdır. Bu yaxınlarda xətlərə buraxılan 160 elektrik avtobusu şəhərin dəyişən simasına ahəngdar şəkildə uyğun gəlir. Hətta onların rəngi də ölkəmizin “yaşıl” gündəliyə sanki sadiqliyini göstərən bir arqumentdir. Sevindirici haldır ki, özəl daşıyıcı şirkətlər də bu tendensiyaya dəstək olaraq ekoloji cəhətdən təmiz texnologiyalar əsasında işləyən 85 avtobus alıb və mərhələli şəkildə istifadəyə verirlər. Bu il həmin şirkətlər əlavə olaraq 100-dən çox yeni avtobus gətirməyi planlaşdırır. Bundan əlavə, 200-dən çox avtobus təmir edilərək xidmətə qaytarılıb və indi onların ümumi parkı hazırda rekord həddə - 2160 ədədə çatıb. Yaxın gələcəkdə bu rəqəmi 2500 avtobusa çatdırmaq niyyətindəyik. Yeni avtobuslar nağdsız ödəniş üçün validatorlarla təchiz edilir ki, bu da xidmətlərin rəqəmsallaşdırılması prosesini sürətləndirir. Yeri gəlmişkən, 2024-cü ilin yekunlarına görə, bu ödəniş formasının payı 77,5% təşkil edib.

Yeni marşrutların yaradılmasına gəlincə, bu proses mütəxəssislərimizin optimallaşdırma məqsədilə apardığı təhlillər əsasında davam etdirilir. Məqsəd marşrut şəbəkəsinin əhalinin mümkün qədər çox hissəsini əhatə etməsidir. Ötən il 10-dan çox yeni marşrut xətti istifadəyə verilib. Onlardan ikisi metronun “20 Yanvar” və “Avtovağzal” stansiyalarını Sumqayıtla birləşdirir ki, bu marşrutların avtobusları gündə 12 mindən çox sərnişin daşıyır, bir istiqamətdə hərəkət müddəti isə təxminən 30 dəqiqə təşkil edir. Saray qəsəbəsi sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq bu yaşayış məntəqəsindən metronun “20 Yanvar” stansiyasına yeni müntəzəm marşrut xətti də açılıb. Hazırda Sumqayıt və Saraya gedən dörd marşrut üzrə avtobuslarla hər gün 25 mindən çox sərnişin daşınır. Bunlar tələbatı çox yüksək olan istiqamətlərdir.

Ötən il üç yeni nəqliyyat-mübadilə mərkəzinin istifadəyə verilməsi də mobilliyin yaxşılaşmasına xidmət edir. Bunlar, metronun "Gənclik" və "28 May" stansiyalarının qarşısında, eləcə də "Koroğlu" stansiyasının cənub çıxışındakı qovşaqlardır. Son iki qovşaq isə multimodaldır - dəmir yolunu, metronu və avtobus dayanacaqlarını birləşdirir.

- Bütün bu köklü islahatlar taksi xidmətlərinin göstərilməsi sahəsində qayda-qanun yaratmağa imkan vermiş qəti, effektiv tənzimləmə tədbirlərinin və nəzarət mexanizmlərinin rəqəmsallaşdırılmasının nəticəsidir. Birincisi, yaşı 15 ildən artıq olan avtomobillərin taksi kimi istifadəsini qadağan edən sərt qanunvericilik tələbləri şəhəri sıxlıq yaradan və az qala hərəkətdə olarkən sökülüb-dağılan avtomobil texnikasından xilas etməyə imkan yaratdı. Onları yeni, ağ rəngli, daha çox hibrid və elektrikli nəqliyyat vasitələri əvəzlədi. İcazə sənədləri verilən taksi avtomobillərinin 35%-i 2020-2024-cü illərdə istehsal olunan nəqliyyat vasitələridir ki, bu da ekoloji vəziyyətə müsbət təsir göstərir. İkincisi, agentliyimizin təşkil etdiyi təlimlərə 35 minə yaxın sürücü cəlb olunub. Onların bir qismi yalnız imtahandan uğurla keçərək, xüsusi icazə kartı və vəsiqə aldıqdan sonra işə başlayıb. Bu, xidmətin keyfiyyətini və sürücülük mədəniyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa, qeyri-etik davranış hallarını faktiki olaraq aradan qaldırmağa kömək edib. Bundan başqa, şəhərin bəzi hissələrində xüsusi taksi dayanacaqları şəbəkəsinin genişləndirilməsi prosesi davam edir. Hazırda bu məqsədlə ən effektiv yerlərin müəyyən edilməsi üzərində iş aparılır.

- Məhz yüksək templə yaradılan infrastruktur şəhərimizdə mikromobilliyin populyarlığının belə sürətlə artmasının hərəkətverici qüvvəsinə çevrilib. Bundan əlavə, bu sahədə qanunvericilik təkmilləşdirilib, kiçik ölçülü elektrikli nəqliyyat vasitəsi və onların operatorları kimi anlayışlar müəyyənləşdirilib, işıqforlarda velosiped bölmələri quraşdırılıb və digər tədbirlər həyata keçirilib. Yəni, kompleks yanaşma tətbiq edilib. Axı bu, yalnız qısa məsafələrə səyahətlər üçün alternativ nəqliyyat vasitəsi deyil, həm də sağlam həyat tərzi və təmiz hava deməkdir.

Mütəxəssislərimiz mikromobillik vasitələrinin istifadəsi üçün şəraitin yaxşılaşdırılması üzərində işi davam etdirirlər. Bu prosesə yalnız velosiped yolları şəbəkəsinin genişləndirilməsi və üfüqi nişanlanma işləri deyil, həm də yol nişanlarının və işıqforlarda artıq qeyd etdiyim xüsusi bölmələrin quraşdırılması daxildir. Bundan əlavə, paytaxtın müxtəlif hissələrində velosipedlər üçün parklanma yerləri yaradılır. Ötən ilin avqustunda icarə xidməti və mobil proqram istifadəyə verilib ki, bu da onların əlçatanlığını xeyli artırıb. Elektrikli skuterlər üçün parklanma yerlərinin yaradılması üzrə bu yaxınlarda başlanmış proses uğurla davam edir. Operatorlar tərəfindən icarəyə verilən vasitələrin sayı 4760 ədəd təşkil edib ki, bunun da 3860-ı skuter, 700-ü velosiped və 200-ü elektrikli velosipeddir. Həmçinin hər gün daha çox insan fərdi mikromobillik vasitələrindən istifadə edir. Statistika göstərir ki, onların populyarlığı daim artır. Sentyabr-dekabr aylarında mikromobillik operatorları 850 944 sifariş alıb və bu vasitələrlə 2 244 302 kilometr yol gedilib. Bunlar böyük rəqəmlərdir. Təsəvvür edin ki, bu yaxınlarda belə böyük məsafə ancaq avtomobillərlə qət edilirdi. Başqa sözlə, mikromobillik vasitələrindən istifadə şəhərin mərkəzində nəqliyyatın axınına müsbət təsir göstərir.

Çox vacib bir məqama da toxunmaq istərdim. Şəhər nəqliyyatı daim hərəkətdə və inkişafda olan nəhəng canlı orqanizmdir, ona görə də onun təkmilləşdirilmə və müasirləşdirilmə prosesi heç vaxt dayanmır. Sadəcə, yenilənmənin bir mərhələsi ilə digəri arasında yalnız bir qədər fasilə ola bilər. Bu səbəbdən mütəxəssislərimizin digər ixtisaslaşmış qurumlardan olan həmkarları ilə birgə apardığı iş, demək olar ki, daimi əsasda davam edir. Ola bilsin, sizinlə növbəti söhbətimiz zamanı biz artıq başqa rəqəmlər və yeni statistik göstəricilər haqqında danışacağıq.