Türkdilli Dövlətlər Təşkilatının (TDT) üzv dövlətlərinin E-TIR informasiya sisteminin yaradılması üzrə birgə səyləri, yükdaşıyıcıları üçün çoxsaylı imkanlar yaradacaq.
Trend xəbər verir ki, bunu TDT gömrük xidməti rəhbərlərinin 10-cu iclasında Qazaxıstanın Maliyyə Nazirliyi nəzdində Dövlət Gəlirlər Komitəsinin sədr müavini Kayrat Cumaqaliyev söyləyib.
O qeyd edib ki, qlobal iqtisadi əlaqələrin tamhüquqlu iştirakçısı olaraq Qazaxıstan beynəlxalq tədarük zəncirinin inkişafı və gömrük xidmətlərinin fəaliyyətində şəffaflığın və effektivliyin artırılması istiqamətində fəal tədbirlər görməkdədir.
“Öz coğrafi mövqeyininin hesabına, Qazaxıstan Avropa ilə Asiyanı birləşdirən tranzit ölkələrdən biri hesab olunur. Bizim dövlətin xarici iqtisadi siyasəti beynəlxalq inteqrasiya sərhədlərinin və qlobal iqtisadi proseslərin genişləndirilməsinə yönəlib. Bir neçə nüansı diqqətinizə çatdırmaq istərdim.
İlk növbədə E-TIR informasiya sisteminin gerçəkləşdirilməsi və istismarının genişləndirilməsi TDT üzv-dövlətlərin yük daşımalarının sadələşdirilməsi və tezləşdirilməsi baxımından vacibdir. Əminəm ki, ölkələrimizin E-TIR informasiya sisteminin işə salınması üzrə birgə səyləri yük daşınmaları üçün çoxsaylı imkanlar yaratmış olacaq”, - deyə Cumaqaliyev bildirib.