Azərbaycanın beynəlxalq təşəbbüsləri türk dövlətləri ilə əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır - Şahin Bağırov

Azərbaycanın təklif etdiyi və həyata keçirdiyi regional və beynəlxalq təşəbbüslər türk dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsində mühüm rol oynayır.

Trend xəbər verir ki, bunu bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Türkdilli Dövlətlər Təşkilatına (TDT) üzv ölkələrin gömrük xidmətləri rəhbərlərinin X iclasında çıxışı zamanı deyib.

"Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşən Azərbaycanın strateji coğrafi mövqeyi ölkəmizi mühüm tranzit və logistika mərkəzinə çevirir", - o bildirib.

 

O qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi və beynəlxalq Orta Dəhliz marşrutu kimi infrastruktur layihələri Azərbaycanın tranzit potensialını gücləndirir və türk dövlətlərinin iqtisadi inteqrasiyasının dərinləşməsində mühüm rol oynayır.

"2024-cü il noyabrın 6-da Qırğızıstan Respublikasının Bişkek şəhərində TDT ölkələrinin dövlət başçılarının XI sammitində mühüm qərarlar qəbul edildi və biz onları ardıcıl olaraq həyata keçiririk. Bu istiqamətdə atılan mühüm addımlardan biri də Azərbaycanın təşəbbüsü - Orta Dəhlizdir.

Adıçəkilən layihələr təkcə türk dövlətləri arasında əlaqələrin inkişafına deyil, həm də Asiya ilə Avropa arasında yeni ticarət yollarının formalaşmasına töhfə verir ki, bu da öz növbəsində iqtisadi uğurların əldə edilməsinə və iştirakçı dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinə imkanlar yaradır", - DGK-nın sədri bildirib.