Orta Dəhliz marşrutunun mühüm hissəsi olan Bakı Limanında ötən il ərzində aşırılan yükün ümumi həcmi 7,6 milyon ton olub ki, bu da 2023-cü ilin müvafiq göstəricisindən 3,2 faiz çoxdur.
Bakı Limanından AZƏRTAC-a bildirilib ki, konteyner daşınmasında 73 faizdən çox, ümumi yükaşırma həcmində 3 faizdən çox, təkərli texnikanın daşınmasında isə 7 faizdən çox artım olub.
Hesabat dövründə ayrı-ayrı sahələr üzrə ən böyük artımlardan biri Bakı Limanında aşırılan konteynerlərin sayında qeydə alınıb. Təkcə ötən il ərzində Bakı Limanında 76,775 TEU ekvivaletində konteyner aşırılıb ki, bu da 2023-cü illə müqayisədə 73 faizlik artımın göstəricisidir.
2024-cü il ərzində Bakı Limanında qəbul edilən və yol salınan təkərli texnikaların sayı isə 58 169 ədəd olub ki, bu da bir əvvəlki illə müqayisədə 7,2 faizlik artım deməkdir. Eyni zamanda, ötən il ərzində limanda aşırılan quru yükün həcmi 1 milyon 44 min tondan çox, vaqon sayı isə 37 515 ədəddən çox olub ki, bu göstəricilər də bir il əvvəlki illə müqayisədə artımdan xəbər verir. Ümumi yükaşırmanın 5,3 milyon tondan çox hissəsi yəni 70 faizi tranzit yüklərin payına düşür.
Bu göstərici də üçüncü ölkələrin Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinə, xüsusən Orta Dəhlizə olan marağının nəticəsidir.