İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının daha bir rezidenti məhsul ixracına başlayıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, müxtəlif çeşiddə qoruyucu ayaqqabı və poliuretan çəkmələrin istehsalı üzrə ixtisaslaşmış “BAFCO İnvest” MMC tərəfindən Rusiya, Qazaxıstan, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərinə məhsul ixrac edilib.
Hazırda “BAFCO İnvest” MMC Avropa ölkələrinə məhsul ixracı istiqamətində danışıqlar aparır.
Qeyd edək ki, Ağdam Sənaye Parkının 2,5 hektar ərazisində yerləşən və Almaniyanın tanınmış “Desma” markasının avadanlıqları ilə təchiz olunan fabrikin illik istehsal gücü 510 min cüt ayaqqabı təşkil edir.