“Ziraat Bank Azərbaycan” 10-cu ilini qeyd edir

“Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinin sədri Selçuk Demir bankın 10 illiyi ilə bağlı Türkiyə Respublikasının rəsmi xəbər agentliyi olan “Anadolu” Agentliyi və “TRT Avaz” televiziya kanalının müxbirlərinə müsahibə verib. Müsahibə zamanı o, “Ziraat Bank Azərbaycan”ın ölkə bankları arasında ilk 10-luqda daimi yer almağı əsas hədəflərindən biri kimi vurğulayıb.

Selçuk Demir müsahibəsində bankın Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2014-cü il 30 dekabr tarixində təqdim edilmiş lisenziya əsasında fəaliyyətə başladığını bildirib. “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinin sədri bankın 10 il ərzində gördüyü işlər və gələcək məqsədləri haqqında danışıb. O, bankın yaradıldığı gündən etibarən Azərbaycanın ticarət, istehsal, kənd təsərrüfatı və digər stratejı sahələrinə dəstək verdiyini, bu gün isə artıq bütün müştəri seqmentlərinə xidmət göstərə biləcək səviyyəyə çatdığını vurğulayıb. Bankın əsas hədəflərindən birinin korporativ, kiçik və orta sahibkarlıq, mikro və fərdi müştəri seqmetlərinin “Ziraat Bank Azərbaycan”ın təqdim etdiyi imkanlardan faydalanmasını təmin etmək olduğu bildirilib.

Selçuk Demir “Ziraat Bank Azərbaycan”ın dünyanın 19 ölkəsində və 125 nöqtəsində geniş xidmət şəbəkəsinə malik olan “Ziraat Maliyyə Qrupu”nun bir üzvü olduğunu xatırladıb. O qeyd edib ki, bankın əsas səhmdarı olan “T.C. Ziraat Bankası”nın 100-dən artıq müxbir şəbəkəsi və xidmət nöqtələrindən istifadə edərək, Azərbaycanın iş adamlarının dünya ilə ticarətində mühüm töhfələr verməkdədirlər. Bunun sübutu olaraq 2022-ci və 2023-cü illərdə ardıcıl olaraq iki dəfə bank Azərbaycanın “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank” mükafatına layiq görüldüyü qeyd edilib. “Ziraat Bank Azərbaycan” xarici ticarət sahəsində məhsul çeşidliliyini artıraraq, yüksək xidmət keyfiyyəti və sürətli əməliyyatları ilə bu sahədəki uğurunu daha da möhkəmləndirməyi hədəfləyib. Bankın strateji prioritetlərindən birinin Azərbaycanın Türkiyə və digər ölkələrlə həyata keçirdiyi xarici ticarətdə iştirak payının artırılması və xidmət keyfiyyətinin hərtərəfli inkişaf etdirilməsi olduğu Selçuk Demir tərəfindən vurğulanıb.

“Ziraat Bank Azərbaycan”ın xidmət şəbəkəsi haqqında danışan Selçuk Demir filial sayını 11-ə çatdırmağı planlaşdırdıqlarını qeyd edib. O bildirib ki, hazırda bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumilikdə 9 filialla xidmət göstərir.

“Yaxın günlərdə “Naxçıvan” və “Neftçilər” filiallarımızı müştərilərimizin istifadəsinə təqdim edəcəyik və beləliklə, bu il ərzində filiallarımızın sayını 11-ə çatdıracağıq. Bununla yanaşı, rəqəmsal xidmət nöqtələri də yaradırıq. Onlardan birincisini Qubada açacağıq,” - deyə bankın sədri məlumat verib.

Müsahibəsində insan resurslarının inkişafına toxunan S.Demir “Ziraat Bank Azərbaycan” əməkdaşlarının “T.C. Ziraat Bankası”nın Bankçılıq Məktəbində təhsil almalarını təmin etdiklərini vurğulayıb.

“Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinin sədri açıqlamanın sonunda əlavə edib: “Azərbaycan bankları arasında ilk 10-luqda daimi yer almaq istəyirik. Biz müştərilərimizin ehtiyaclarını qarşılamaqla yanaşı Azərbaycanın iqtisadi inkişafına dəstək göstərməyə davam edəcəyik. Türkiyə ilə Azərbaycan arasındakı ticarətdə iş adamlarının investisiya və kommersiya fəaliyyətlərinə vasitəçilik etmək üçün əlimizdən gələni edirik. Texnologiyasını inkişaf etdirən və infrastrukturunu gücləndirən bir bank olaraq “Ziraat Bank Azərbaycan” yoluna davam edir”.

Müsahibənin geniş variantı ilə Youtube”da və “Anadolu” Agentliyinin saytında tanış olmaq mümkündür.