Vuk Vuksanoviç: Azərbaycan Serbiya üçün faydalı tərəfdaşa çevrilib – MÜSAHİBƏ

Azərbaycan təbii qaz təchizatında Serbiyanın etibarlı tərəfdaşıdır. Bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç hökumətin iclasında bildirib.

Qeyd edək ki, Serbiya Azərbaycan qazı ilə təmin olunan 8-ci ölkədir. Hazırda Azərbaycandan gündəlik 2,5 milyon kubmetrə qədər təbii qaz ixrac olunur.

Serbiyalı ekspert, Belqrad Siyasət və İqtisadiyyat Mərkəzinin baş elmi işçisi Vuk Vuksanoviç ölkələr arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırır.

- Cənab Vuksanoviç, Serbiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan Serbiya üçün faydalı tərəfdaşa çevrilib. 2008-ci il qlobal maliyyə böhranından sonra başlayan bu tərəfdaşlığın sürətlənməsində iqtisadi nüanslar rol oynayıb. Təbii qazla zəngin ölkələr arasında enerji infrastrukturunun birləşdirilməsinin vacibliyi enerji böhranından çox əvvəl qəbul edilib. Bu böhran Serbiyaya ağır zərbə vurdu və Aİ genişlənməyə marağını itirdikcə, ölkə həll olunmamış ərazi mübahisəsi ilə Avropanın periferiyasında qaldı. Azərbaycan etibarlı tərəfdaşa çevrildi və Serbiyaya çox ehtiyac duyulan kredit ayırmağa hazır idi.

2023-cü ilin dekabrında Serbiya-Bolqarıstan qaz kəmərinin sınaq istismarına başlandıqdan sonra prezidentlər Aleksandr Vuçiçin və İlham Əliyevin iştirakı ilə biz Yunanıstan-Bolqarıstan qaz kəməri ilə Cənub Qaz Dəhlizinə (CQD) qoşula bildik. Son illər ölkələrimiz arasında siyasi əlaqələr tarixi zirvəyə yüksəlib.

- İki ölkə arasında iqtisadi əlaqələrin əsas sektorları hansılardır?

- Əməkdaşlıq ilk növbədə Azərbaycan kreditləri və “Azvirt”in həyata keçirdiyi layihələr vasitəsilə infrastruktur layihələrindən başlayıb. Bundan başqa, siyahıya əlavə edilə bilən enerji, müdafiə, kənd təsərrüfatı, qida istehsalı, telekommunikasiya və informasiya texnologiyaları kimi sahələr var. Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm platformadır.

- Son bir neçə ildə Serbiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi nə qədərdir? Bu həcmlərin artması və ya azalması meyilləri varmı?

- 2024-cü ilin birinci yarısında Azərbaycan ilə Serbiya arasında ticarət dövriyyəsi əhəmiyyətli artım nümayiş etdirərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfədən çox artmaqla 30 milyon 856 min dollar təşkil edib. Hər iki ölkənin hakimiyyətində investisiya və ticarət axınlarını şaxələndirməyə həvəsli olan elitanın olması faktı potensial olaraq ticarət dövriyyəsini artıra bilər. Üstəlik, biz görürük ki, Prezident Əliyevin Serbiyaya hər səfəri Azərbaycan şirkətlərindən ibarət nümayəndə heyətinin iştirakı ilə baş verir.

- Serbiya ilə Azərbaycan arasında qarşılıqlı investisiyalar üçün ən perspektivli sahələr hansılardır?

- Azərbaycan təbii ki, enerji sektorunda Serbiya üçün aktual olacaq. Ölkələrimiz arasında investisiya əməkdaşlığının səviyyəsinə gəlincə, Serbiyada 323 ayrı-ayrı layihədən ibarət ümumi dəyəri 17,8 milyard avro olan EXPO2027 layihəsi Azərbaycan şirkətlərinin fəal iştirakı üçün mühüm imkan yaradır. Serbiya Azərbaycanla tərəfdaşlığın möhkəmləndirilməsi və ümumi iqtisadi əlaqələrimizin inkişafı üçün hər cür səy göstərməyə hazırdır.

- Serbiya ilə Azərbaycan arasında enerji sektorunda, xüsusilə neft və qaz tədarükü sahəsində əməkdaşlığın perspektivləri necədir?

- Enerji təchizatı, ilk növbədə, qaz Bakını Belqrad üçün mühüm tərəfdaşa çevirəcək, eyni zamanda, müəyyən dərəcədə Azərbaycanı Balkan geosiyasətinin bir hissəsi edəcək. Bununla belə, Serbiyanın elektrik enerjisi böhranı fonunda 2022-ci ildə Serbiya Azərbaycandan elektrik enerjisi idxal etdiyi üçün biz elektrik enerjisini də nəzərə almalıyıq. Yaşıl enerji sahəsində əməkdaşlıq bərpaolunan enerji mənbələrinə investisiyalar və enerji infrastrukturunun inkişafı vasitəsilə yaşıl keçid prosesində rəsmi Bakı və Belqrad arasında qarşılıqlı fəaliyyət üçün yeni imkanlar açır.

- İki ölkə arasında münasibətlərin inkişafı üçün hansı enerji layihələri önəmli ola bilər? Enerji infrastrukturu sahəsində birgə müəssisələrin yaradılması imkanları nəzərdən keçirilirmi?

- Serbiyanın “Srbijagas” və Azərbaycanın neft-qaz şirkəti SOCAR arasında 2024-cü ilin sonuna qədər 400 milyon kubmetr təbii qazın tədarükünə dair 2023-cü ilin sonunda müqavilə artıq imzalanıb. Bütün bunların əsasında Aİ tərəfindən maliyyələşdirilən Bolqarıstanla interkonnektor dayanır. Elektrik enerjisi sahəsində Serbiyanın Niş şəhəri yaxınlığında 1 GVt gücündə qazla işləyən elektrik stansiyasının tikintisi üzrə potensial birgə layihə iki hökumət tərəfindən nəzərdən keçirilir. Serbiyada daxili bazar üçün enerji istehsal edəcək yeni qaz elektrik stansiyalarının tikintisi sahəsində əməkdaşlıqda qarşılıqlı maraq var.

- Serbiya ilə Azərbaycan arasında nəqliyyat və logistika infrastrukturunun təkmilləşdirilməsi perspektivləri nədən ibarətdir?

- Bunu ikitərəfli əsasda etmək olmaz. Bu, yalnız başlanğıc nöqtəsi olaraq Cənub-Şərqi Avropa olmaqla, Avropa ilə Avrasiya arasında əlaqələri gücləndirmək üçün daha geniş, iddialı səylərin bir hissəsi kimi edilə bilər. Bu, Rumıniya, Bolqarıstan, Gürcüstan və təbii ki, Türkiyə kimi Qara dəniz sahilində yerləşən ölkələrin iştirakı ilə edilməlidir. Nəqliyyat və logistika sektorunda böyük potensial var. Xüsusilə nəzərə alsanız ki, beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycan və Serbiya ərazilərindən keçir, burada bizim müvafiq strukturlar qovşaqların, əlaqələrin yaradılması istiqamətində fəal işləməlidir.