Keyfiyyətinə görə dünyada İtaliya mərməri ilə müqayisə olunan Daşkəsən mərmər

Daşkəsən şəhəri tarixən filiz yataqları ilə yanaşı, qeyri-filiz yataqları ilə də zəngin olub. Burada çıxarılan mərmər dünyada tanınmış İtaliya mərməri ilə müqayisə edilib. Bu gün də Daşkəsən mərmərinə keyfiyyətinə görə yerli və xarici bazarlarda maraq var.

AZƏRTAC-ın bölgə müxbiri Daşkəsən dağlarında yerləşən mərmər karxanalarında olub, mərmərin çıxarılması prosesini müşahidə edib.

Karxananın baş ustası Habil Qasımov dağın xüsusi texnika ilə kəsilərək, mərmər daşların istehsal edildiyini deyib: “20 ilə yaxındır ki, mərmər karxanalarında çalışıram, olduqca mürəkkəb və çətin işdir. Əvvəlcə xüsusi texnikalar vasitəsilə yatağın ehtiyatları dəqiqləşdirilir. Sonra xüsusi ağır texnikalar vasitəsi ilə xammal kəsilərək çıxarılır. Hazırda bizim işlədiyimiz karxanadakı ağ mərmərdir. Təbii ki, digər karxanalarda mərmərin başqa rənglərdə olan növlərini də çıxarırlar”.

Karxanalardan çıxarılan xammal yerli istehsal müəssisələrinə göndərilir. Burada istehsal edilən mərmərdən qəbirüstü abidələrin, abidə və heykəllərin, barelyeflərin və s. işlərin hazırlanmasında istifadə olunur.

“Karxanamızda çıxardığımız xammala yerli bazarda tələbat olduqca yüksəkdir. Təbii ki, bu tələbatın daim olması üçün keyfiyyətli xammal çıxarmağa çalışırıq. Buradan çıxarılan məhsul sifariş əsasında yerli istehsal müəssisələrinə göndərilir”, - deyə sahibkar Sərxan Abdullayev deyib.

Sahibkar bildirib ki, hələ uzun illər Daşkəsən mərməri yerli bazarda liderliyini qoruyacaq. Gələcək hədəflər arasında isə dünya bazarına çıxmaq da var.

 
Keyfiyyətinə görə dünyada İtaliya mərməri ilə müqayisə olunan Daşkəsən mərməri VİDEO