TAP boru kəməri 4 ildir Azərbaycan qazını “köhnə qitəyə” çatdırır - ANALİTİKA

Azərbaycanın təbii qazını “köhnə qitə” bazarlarına çatdıran 3500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin sonuncu həlqəsini - Avropa qolunu təşkil edən Trans-Adriatik boru kəməri (TAP) ilə ticarət əməliyyatlarının başlanmasından 4 il ötür. Avropaya kommersiya məqsədilə qaz nəqlinə 2020-ci il dekabrın 31-də başlayan TAP vasitəsilə indiyədək 42 milyard kubmetr qaz ixrac olunub. Həmin həcmin 35 milyard kubmetri İtaliyanın, 4 milyard kubmetrdən çoxu Yunanıstanın, 2,5 milyard kubmetri isə Bolqarıstanın payına düşüb. Qısa müddət ərzində tam ötürücülük gücü ilə işləyən TAP kəməri sayəsində Azərbaycan Avropanın etibarlı təbii qaz təchizatçısı kimi öz mövqeyini gücləndirib. TAP Azərbaycanın avropalı tərəfdaşları üçün hər zaman “təhlükəsizlik yastığı” rolunu oynayır, kommersiya əməliyyatları ilə qitədə qaz bazarının likvidliyinin artmasına kömək edir.

TAP qitənin enerji təhlükəsizliyini və davamlılığını dəstəkləyir

Boru kəməri Avropanın qaz sisteminin aktiv elementi olmaqla yanaşı, qitə üçün strateji və iqtisadi əhəmiyyət daşıyır, yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın şaxələnməsində, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynayır. Ötən müddət ərzində TAP qitənin enerji bazarında etibarlı operator kimi rolunu möhkəmləndirib. Bazarda tədarükün şaxələndirilməsi ilə yanaşı, TAP perspektivli interkonnektorlar vasitəsilə xüsusilə Cənub-Şərqi Avropada enerji keçidini dəstəkləyir. TAP Yunanıstan və Albaniyadakı çıxışları, İtaliyaya uzanması ilə birlikdə Azərbaycan qazının daha geniş Avropa bazarlarına nəqli üçün çoxsaylı imkanlar yaradır.

TAP enerjidə əlçatanlığa və ətraf mühitin qorunmasına töhfə verən layihədir. Bundan əlavə, Avropa İttifaqının enerji keçidi ilə bağlı məqsədlərinə uyğun olaraq, emissiyaları azaltmaqla, hidrogen kimi enerji resurslarının nəqli üçün yeni imkanlar açır.

Boru kəməri İtaliyanın enerji tələbatının ödənilməsinə mühüm töhfə verir

TAP hazırda İtaliyanın təbii qaz təchizatının ikinci mənbəyidir və bu ölkənin ümumi qaz idxalının 15 faizədək hissəsini təmin edir. Boru kəməri ağır dövrlərdə İtaliyanın daxili bazarında təbii qazın qiymətini aşağı salan mühüm infrastruktur rolunu oynayıb. TAP sayəsində İtaliya Avropada təbii qaz anbarlarında ən çox “mavi yanacaq” saxlayan ölkədir. Boru kəməri hazırda İtaliyanın enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. İtaliya təchizat mənbələrini şaxələndirməklə gələcəkdə Avropada enerji mərkəzi funksiyasını yerinə yetirməyi planlaşdırır.

İtaliya Azərbaycandan təbii qaz tədarükünün artırılmasında maraqlıdır. Bu ölkəyə nəql olunan Azərbaycan təbii qazının həcmi iki dəfə artırıla bilər. Belə ki, TAP-ın potensialı onun ötürücülük gücünün iki dəfə artırılaraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir. Boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması üçün artıq bazar sınaqları aparılıb, mərhələli şəkildə 3 genişləndirmə ssenarisi müəyyən olunub.

Boru kəməri Avropaya etibarlı, təhlükəsiz və sərfəli enerji mənbəyi təmin edir

TAP ən mürəkkəb dövrdə Avropanın enerji təchizatını şaxələndirən və etibarlı mənbədən təbii qazın fasiləsiz tədarükünü təmin edən strateji layihədir. Boru kəməri regionun enerji təhlükəsizliyi gücləndirir, qazı alan ölkələri enerji qovşaqlarına çevirir. Avropada enerji mənbələrinin şaxələndirilməsi ilə TAP ayrı-ayrı təchizatçılardan asılılığın azaldılmasında mühüm rol oynayır.

Boru kəməri vasitəsilə kommersiya qaz nəqlinə başlandığı vaxtdan ötən müddət ərzində Azərbaycan qazı Yunanıstanın Kipoi bölgəsindəki qaz stansiyasından Avropaya nəql olunur. TAP-ın çatdırdığı qaz həcmləri Avropa İttifaqı üçün yeni etibarlı, təhlükəsiz və sərfəli enerjini mənbəyi təmin etməklə yanaşı, enerji yol xəritəsini asanlaşdırmaqda əsas rol oynayır

TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından çıxarılan təbii qazı Avropaya çatdırır. Boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubunda sahilə çıxır. Onun uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP hazırda maksimum gücü ilə, yəni gündəlik 33 milyon kubmetr təbii qaz nəql edir. Bu, ildə orta hesabla təqribən 12 milyard kubmetr qaz deməkdir.