Azərbaycanın tanınmış yol tikinti şirkəti “Azvirt” bu ili də daha bir uğurla başa vurdu. Uğurun sorağı isə Serbiyadan gəldi. Uzun müddətdir ki, serb vətəndaşlarının səbirsizliklə gözlədiyi, bu ölkəni iqtisadiyyatı üçün vacib olan Ruma-Şabats-Loznitsa magistralı tam şəkildə tamamlandı. Bunu isə Serbiya hökumətinin təsəvvür edə bilməyəcəyi müddətdə Azərbaycanın yol inşaatçıları gerçəkləşdirdilər. Söhbət artıq 12 ildən çoxdur ki, bilik və bacarıqları ilə Balkan regionunda nüfuz qazanan “Azvirt” şirkətindən gedir.
AZƏRTAC xəbər verir ki, dekabrın 29-da Serbiyada haqqında danışdığımız yol layihəsinin ən böyük bölməsi olan Şabat-Loznitsa sürət yolu istifadəyə verilib. Uzunluğu 54,5 kilometr olan magistralın inşasına 2021-ci ildə başlanılıb. Yüksək keyfiyyətlə görülən işlərə layihədə nəzərdə tutulan müddətdən 15 ay əvvəl yekun vurulub.
Açılış mərasimində iştirak edən Serbiyanın Baş naziri Miloş Vuçeviç görülən işlərə görə təşəkkür edib. Bildirib ki, bu, Azərbaycan ilə Serbiya arasında hazırda mövcud olan və bundan sonra da möhkəmlənəcək münasibətlərin göstəricisidir. “Biz birlikdə işimizi davam etdirəcəyik və əminəm ki, Kamil Əliyev, siz bizi Pavloviç körpüsündəki sərhəd keçidi ilə və Serbska Respublikasındakı qardaşlarımızla birləşdirəcək Slepçeviçi-Badovinçi layihəsini gələn ilin sonuna qədər uğurla başa çatdıracaqsınız”, - deyə o vurğulayıb.
Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyev isə bildirib ki, Şabac-Loznitsa sürətli avtomobil yolu Azərbaycanla Serbiya arasında tərəfdaşlığın rəmzidir. “Bizim tərəfdaşlığımız etimada, qarşılıqlı hörmətə və ümumi maraqlara əsaslanır. Bu magistralın açılması bizim bu münasibətləri konkret və mənalı şəkildə daha da yaxşılaşdırmaq öhdəliyimizə sübutdur”, - deyən səfir, həmçinin magistralın Azərbaycanın nüfuzlu şirkəti tərəfindən tikildiyini qeyd edərək, yolun regional əlaqəni yaxşılaşdıracağını qiymətləndirib.
İşlərlə yerində tanışlıq zamanı isə “Serbiya Yolları” (Koridore Srbija) təşkilatının rəhbəri Alaksandar Antiç maraqlı bir məqama toxunmaqla, “Azvirt”in əsl nümunə olduğunu diqqətə çatdıraraq deyib. “Keçən ilin oktyabrında biz Rumadan Şabatsa gedən avtomobil yolunu açdıq, amma Kamil Əliyev və mən Serbiya Prezidentinə söz verdik ki, bu ilin sonuna kimi bu sürətli yolu açacağıq. Çoxları bunun çox iddialı olduğunu düşünürdü, lakin biz bu çox ciddi vəzifəni yerinə yetirdik. Mən “Azvirt”i keyfiyyət baxımından tərifləməliyəm, xüsusən də asfalta gəldikdə. “Azvirt” indiyə qədər Serbiyada işləmiş bir nömrədir”.
Yeri gəlmişkən, bu ilin oktyabrında Serbiya Prezidenti Aleksandar Vuçiç ərazidə işlərin gedişatı ilə tanış olarkən təəccübünü gizlətməyib və fikrini “fantastik iş görürsünüz” deyərək bildirib.
Fəaliyyətlərinə verilən qiyməti öz bilik və bacarıqları ilə təsdiqlədiklərini deyən “Azvirt” MMC-nin baş direktoru Kamil Əliyev əldə etdikləri uğurun Azərbaycan dövlətinin uğuru olduğunu deyib. “Bu gün bizim xaricdə fəaliyyətimiz, layihələri uğurla başa çatdırmağımızın əsas səbəbi dövlətimizin, Prezident İlham Əliyevin dəstəyidir. Təkcə Azərbaycan deyil, bir çox şirkətlərimiz artıq elə bir səviyyəyə çatıb ki, xaricdə özlərini təsdiq edib, uğurlara çata bilirlər”, - deyə o bildirib.
Qeyd edək ki, “AzVirt” Serbiyada 12 ildən çoxdur fəaliyyət göstərir. 2012-2016-cı illərdə Serbiya ilə Monteneqro arasında Liq-Prelina yolunun tikintisi onların tərcümeyi-halında bu regionda ilk uğur kimi əksini tapıb. Daha sonra, ötən il Belqrad dairəvi yolu, Ruma-Şabats magistralı, Bosniya və Herseqovinada bu ilin oktyabrında Çindən olan konsorsium tərəfdaşları ilə birlikdə unikal Poçitel körpüsü istifadəyə verilib.
Bundan başqa, “AzVirt” ölkə daxilində də uğurlu fəaliyyətini davam etdirir. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun Yaşma qəsəbəsindən Siyəzən rayonuna qədər olan 60 kilometrlik hissəsi, rekord müddətə - 8 aya təhvil verilən Füzuli Beynəlxalq Hava Limanı, eləcə də Zəngilan Beynəlxalq Hava Limanı, Füzuli-Hadrut avtomobil yolu onların son dövrlərdə icra etdiyi yol və hava limanı infrastruktur layihələridir. Hazırda isə onlar Laçın Beynəlxalq Hava Limanı, Ələt Kargo Terminalı, həmçinin Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Əhmədbəyli-Füzuli-Şuşa, Kəlbəcər-Laçın avtomobil yollarının müəyyən hissələrinin tikinti işlərini davam etdirirlər.
Beləliklə, 30 illik yubileyi ərəfəsində “Azvirt”in dünəninə və bu gününə diqqət yetirəndə kifayət qədər müsbət imic formalaşdıran, ölkəsinə baş ucalığı gətirən, işlərinin hər birinin xaricdə əsl vətəndaş təmsilçisinə çevrilən bir şirkəti görmüş oluruq. Çünki onlar Azərbaycanın xidmət ixracı sahəsində ilk pillələrdə qərarlaşa bildilər.